Avropada daşqınlar həm infrastruktura, həm də insanların sağlamlığına təhlükə yaradır

Avropada daşqınlar həm infrastruktura, həm də insanların sağlamlığına təhlükə yaradır

Bakı, 16 noyabr, AZƏRTAC

Dünya Səhiyyə Təşkilatı (DST) Avropada güclü daşqınlarla əlaqədar bu hadisələrin insanların sağlamlığı üçün potensial təhlükə mənbəyi olması barədə xəbərdarlıq edir və əhalini qorumağa kömək edə biləcək tədbirlər təklif edir. AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, bu tədbirlər gələcəkdə də faydalı olacaq, çünki ekstremal təbiət hadisələri bundan sonra daha tez-tez baş verə bilər.

Daşqınlar təbii fəlakətlərin Avropada ən geniş yayılmış növlərindən biridir. Son 20 ildə bu daşqınlar region ölkələrinin demək olar ki, heç birindən yan keçməyib. Lakin bu il Avropanın çox yerində daşqınlar görünməmiş miqyas alıb. Məsələn, Venetsiyada suyun səviyyəsi son 50 ildə rekord həddə çatıb, Monteneqroda bütöv yaşayış məntəqələri su ilə əhatə olunub, Böyük Britaniyada isə insanlar öz evlərini tərk etməyə məcbur olublar.

DST-nin Avropa bürosunda xatırladırlar ki, daşqınlar zamanı adətən içməli su qıtlığı yaranır, sanitar-gigiyena şəraiti pisləşir, insanlar xəsarət alır. Bütün bunlar əhalinin sağlamlığına mənfi təsir göstərir. Lakin müxtəlif xidmətlərin, o cümlədən tibb müəssisələrinin işində fasilələr yaranması üzündən, insanlar heç də həmişə zəruri tibbi yardım ala bilmirlər.

Daşqınlar çox vaxt faciəyə səbəb olur. İnsanlar suda boğulur, onları elektrik cərəyanı vurur. XXI əsrin əvvəlindən indiyə qədər regionda minlərlə insan daşqınların qurbanı olub. Daşqınlardan zərər çəkənlərin sayı isə bir neçə milyondur.

DST daşqınlardan bu və ya digər şəkildə zərər çəkmiş bütün insanlar üçün tövsiyələr dərc edib. Həmin sənədlərdə daşqından əvvəl, daşqın vaxtı və ondan sonra sağlamlıq üçün riski minimuma endirməkdən ötrü görülə biləcək tədbirlər təsvir edilib. Məsələn, su çəkiləndən sonra ilk növbədə ərazini təmizləmək, yolları ən mühüm xidmətləri və yaşayış yerlərini bərpa etmək lazımdır.

Avropanı cənginə almış daşqınlar UNESKO-da da dərin təşvişə səbəb olub. Venetsiyanın vəziyyəti orada xüsusi narahatlıq doğurur. Hələ 1987-ci ildə Dünya İrsi Siyahısına daxil edilmiş bu nadir şəhər çoxsaylı turistlərin səfərləri, kruiz laynerlərinin və yeni tikililərin çoxalması səbəbindən onsuz da təhlükəyə məruz qalır. İndi iqlim dəyişmələri də buraya əlavə olunub. İtaliyanın cənubunda qeydə alınmış Dünya İrsi Abidələri də daşqınlardan zərər çəkib. UNESKO Venetsiyanın vəziyyətini qiymətləndirmək üçün zəruri kömək göstərmək, 2020-ci ildə isə yerli hakimiyyət orqanları ilə razılaşdıraraq oraya ekspertlər qrupu göndərmək niyyətində olduğunu bildirib.

Mənbə: azertag.az