“Çox pis şəraitdə yaşayırıq, qalmışıq ortalıqda...” NƏSRƏDDİN TUSİ KÜÇƏSİNDƏKİ BİNANIN ACINACAQLI HALI

Bakının Xətai rayonu, Nəsrəddin Tusi küçəsində yerləşən 19 saylı bina qəzalı vəziyyətdədir. Binanın tikilib təhvil veriləndən indiyə kimi dəyişdirilməyən dam örtüyü son yağışlardan sonra tamamilə sıradan çıxıb. Az miqdarda yağış yağsa, su birbaşa içəri axacaq.

Bu şikayətlə virtualaz.org-un redaksiyasına 19 saylı binanın 15-ci blokunda yaşayan sakinlər müraciət ediblər. Onlar deyirlər ki, yağış sularının qarşısını almaq üçün evə və pilləkənlərə ləyənlər düzüblər.

“Çox pis şəraitdə yaşayırıq. Nəzərə alsaq ki, payız təzə başlayıb, qarşıda güclü yağışlar olacaq, bizim vəziyyətimizi təsəvvür etmək çətin olmaz. 87 saylı Mənzil İstismar Sahəsinə müraciət etmişik, bizə deyiblər ki, plana salınıb. Amma bizim binaya növbə nə vaxt çatacaq, bilinmir. Xətai Rayon İcra Hakimiyyətindən isə deyirlər ki, “bizlik deyil, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Təsərrüfatı İdarəsinə müraciət edin”. Qalmışıq ortalıqda, problemimizə əlac edən yoxdur”, - sakinlər müraciətlərində bildirirlər.

Digər tərəfdən isə, binanın lifti də köhnələrək qəzalı vəziyyətə düşüb. Sakinlər deyirlər ki, nasaz liftlə yuxarı qalxmaqla həyatlarını təhlükə qarşısında qoyurlar.

Şikayətlə bağlı Xətai Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov virtualaz.org-a bildirdi ki, hazırda prezidentin sərəncamı ilə bütün yararsız vəziyyətdə olan binaların dam örtükləri dəyişdirilir. Sözügedən binanın da dam örtüyünün yenilənməsi nəzərdə tutulub: “Həmin ünvana baxış keçirmək üçün əməkdaşlarımızı göndərəcəyik. Çalışacağıq ki, problem tezliklə aradan qaldırılsın”.

Lift probleminə gəlincə isə P. İmanov qeyd edib ki, hazırda Bakı şəhərində bütün qəzalı liftlərin dəyişdirilməsi prosesi gedir. Prezident İlham Əliyev çoxmənzilli binaların lift təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı sərəncam imzalayıb və rayon icra hakimiyyətlərinə 40 milyon manat ayrılıb.

“Xətai rayonunda da xeyli belə qəzalı vəziyyətdə olan lift var. Xüsusəndə, rayonun Əhmədli qəsəbəsində liftlərin dəyişdirilməsi ilə bağlı iş sürətlə icra olunur. Bütün qəzalı liftlər dəyişdiriləcək və həmin ünvana da növbəçatacaq”, - şöbə müdiri əlavə edib.

Gülnar Əliyeva

Virtualaz.org

Virtualaz.org

ƏVVƏLKİ XƏBƏR

Tbilisidə müxalifət izdihamlı mitinq keçirib

SONRAKI XƏBƏR

Bəşəriyyət bir atadan gəlibmi? - ALTERNATİV MÜLAHİZƏLƏR