Sumqayıtın 70 illiyi qeyd olunacaq - Şəhərdə geniş hazırlıq işləri görülüb

Sumqayıtın 70 illiyi qeyd olunacaq - Şəhərdə geniş hazırlıq işləri görülüb

Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar sabah saat 11:00-da ümumşəhər tədbiri keçiriləcək.

Atv.az xəbər verir ki, şəhərin Sülh prospekti xüsusi abadlaşdırılıb. Tədbirin keçiriləcəyi Sumqayıt Dövlət Dram teatrının qarşısında hazırlıq işləri sürətlə davam edir. Açıq havada təşkil olunacaq yubiley tədbiri çərçivəsində şəhərin Azərbaycan prospekti boyunca Dövlət Sərhəd Xidmətinin hərbi orkestrinin müşayəti ilə hərbçilərin hərbi keçidi və Dövlət Sərhəd Xidmətinin müasir silahları nümayiş olunacaq.

Şəhərin 70 illiyinə hazırlıq çərçivəsində Sumqayıt tamamilə yeni görkəm alıb. Uzunluğu 4,2 kilometr təşkil edən Dənizkənarı Bulvar ərazisi şimala doğru 1 kilomert genişləndirilib. Bundan əlavə yeni Nizami Kinoteatrı və Muğam Mərkəzi yaxın vaxtlarda şəhər sakinlərinin ixtiyarına veriləcək. Şəhərin ümumi görünüşü gecə saatlarında da valehedicidir. Bütün bunlar prezident İlham Əliyevin tapşırığı ilə regionların sosial-iqtisadi inkişafı müvafiq Dövlət Proqramlarının icrası sayəsində mümkün olub.

Xatırladaq ki, Sumqayıta 1949-cu il noyabrın 22-də Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə şəhər statusu verilib.

ATV.az

Mənbə: www.atv.az