Bakıda yaşayış binasına qaz verilmir - "Bizdən qaz veriləcək adı ilə 1200 manat pul yığıb" - VİDEO

Bakıda yaşayış binasına qaz verilmir - "Bizdən qaz veriləcək adı ilə 1200 manat pul yığıb" - VİDEO

Qaz veriləcək adı ilə 1200 manat pul yığıblar, ancaq indiyədək nə qaz çəkilib, nə də qaz verilib.

Press.az xəbər verir ki, "Xəzər Xəbər"ə müraciət edən Yasamal rayon, Əsəd Əhmədov küçəsi 100-1 ünvanındakı binada yaşayan sakinlər bu iddia ilə çıxış ediblər.

Sakinlərin iddiasına görə, qazla yanaşı, bir neçə problem də illərdir ki, bu binada qalmaqda davam edir.

Onların dediyinə görə, binanı tikən şirkət "Evrostroy" MTK olub. Ancaq sonradan binaya rəhbərliyi "Sipark" MTK həyata keçirir. Binada yaşayanlar bildirirlər ki, onlar problemlərin həlli ilə bağlı MTK rəhbərliyinə müraciət etsələr də indiyədək heç bir nəticə hasil olmayıb.

Binada yaşanan problemlərlə bağlı "Sipark" MTK ilə əlaqə saxladıq. Bildirdilər ki, sözügedən binada qaz çəkilmə işlərinə başlanılıb. Müəyyən qədər işlər görülüb. İşləri aparan "Azəriqaz"ın podratçı şirkətidir. Özünü "Azəriqaz"ın podratçı şirkətinin nümayəndəsi kimi təqdim edən Rəşad adlı şəxs işləri yarımçıq saxlayıb. Podraçı şirkətin işləri nə vaxt tamamlayacağı isə bəlli deyil. Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinə də müraciət etdik. Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Ceyhun Səfərov bildirdi ki, "Azəriqaz"ın hər hansı bir podratçı şirkəti yoxdur. Belə müqaviləlri MTK-lar özləri podratçı təşkilatlarla bağlayır və nəzarəti onlar həyata keçirməlidir.

"Sipark" MTK-dan sakinlərdən 1200 manat pul yığılması məsələsinə də münasibət bildirilib. Şirkətdən bildirilib ki, həmin məbləğ işıq, su və qaz sayğaclarının quraşdırılması üçün yığılıb.

Binanın təhvil verilməsi məsələsinə gəlincə isə, MTK-dan bildirilib ki, bütün sənədlər hazırlanaraq Fövqaladə Hallar Nazirliyinə təqdim edilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Mənbə: press.az