VENESİYA SUYUN ALTINDA QALACAQ

VENESİYA SUYUN ALTINDA QALACAQ

Ötən bir həftə ərzində Venesiyada suyun səviyyəsi üç dəfə 1,5 metrlik göstəricini keçib. 1872-ci ildən bəri aparılan müşahidə dövründə daşqın mövsümündə suyun səviyyəsi heç vaxt belə qısa müddət ərzində bu qədər yüksəlməyib. Almaniyanın “Die Zeit” nəşrinin müxbiri Linda Fişer (Linda Fischer) bu məsələ ilə bağlı Postdam İqlim Dəyişiklikləri İnstitutundan iqlimşünas Anders Levermannın (Anders Levermann) fikirlərini öyrənib.

Venesiyanı xilas etmək mümkündürmü? Ekspert bunun mümkün olmadığını hesab edir. Onun fikrincə, şəhərin suyun altında qalması sadəcə zaman məsələsidir.

“Acqua alta (Venesiyada mütəmadi olaraq su səviyyəsinin artması – red.) yağıntılar, külək, həmçinin qabarma amplitudası ilə əlaqəli fenomenlər kombinasiyasıdır, - deyə Levermann aydınlıq gətirir. – Bu hadisə payız və qış fəsilləri arasında yağıntı miqdarının çox olduğu, qabarmaların Venesiya laqunasına daha çox su gətirdiyi dövrə təsadüf edir. Fizika qanunlarına əsaslanaraq söyləyə bilərik ki, iqlim dəyişikliyi ilə əlaqədar buna oxşar ekstremal metereoloji hadisələr gələcəkdə daha tez-tez baş verəcək və daha intensiv hal alacaq”.

“Planetdə temperatur artdıqca, yağışlar bir o qədər güclü olur. Bu da dəniz səviyyəsinin artmasına səbəb olur. Ola bilsin, bütün bunlar Venesiyada daşqını gücləndirib. Bu halda hava axınları da böyük rol oynaya bilər. (...) Qlobal istiləşmə ilə əlaqədar hava axınları ilkin trayektoriyasından uzaqlaşır. (...) Axınların hazırkı istiqaməti göstərir ki, İtaliyanın şimalında küləklər adət etdiyimiz kimi qərbdən şərqə deyil, cənubdan şimal-qərbə əsir. Beləliklə, hava axınları acqua alta-ya səbəb olan yerli axınları gücləndirə bilər”, - ekspert qeyd edir.

“İqlim dəyişikliyi üzrə hökumətlərarası ekspertlər qrupu (IPCC) bizim hesablamalarımızdan öz təhlilində istifadə edib. Həmin hesablamalara əsasən, Yer üzündə qlobal istiləşmə nəticəsində dəniz səviyyəsi hər dərəcəyə uyğun təxminən 2,5 metr yüksələcək. Hərçənd bütün bunlar yavaş-yavaş baş verəcək. Bəlkə də, yüz illiklər lazım gəldi. Bu isə o deməkdir ki, uzunmüddətli perspektivdə Venesiya suyun altında qalacaq, - Levermann əmindir. – Paris Sazişinin şərtlərinə əməl edilsə, uzaq gələcəkdə dəniz səviyyəsi təxminən 5 metr qalxa bilər. Venesiya birmənalı şəkildə suyun altında qalacaq. Hamburq, Şanxay, Honkonq və Nyu York kimi böyük sahilyanı şəhərlər də hazır olmalıdır. Onların da böyük bir hissəsi dəniz səviyyəsindən aşağıda qala bilər”.

“2014-cü ildə İnsbruk Universitetindən həmkarlarımla birgə dəniz səviyyəsinin artması nəticəsində ərazi itkisi ilə üzləşəcək ölkələrin siyahısını tərtib etdik, habelə YUNESKO-nun mədəni irsinə daxil olan hansı obyektlərin xəsarət alacağını araşdırdıq. Tərtib etdiyimiz siyahıya əsasən, təkcə İtaliyanı nəzərdən keçirsək, nəinki Venesiya, eyni zamanda Neapolun tarixi mərkəzi və Pizada Kilsə meydanı dağılacaq. Uzunmüddətli perspektivdə temperatur üç dərəcə artsa, YUNESKO-nun hər beşinci mədəni obyekti təhlükə altına düşəcək. Dəniz səviyyəsinin qalxmasının qarşısını almağın yeganə yolu mümkün olduğu qədər kömür, neft və qaz istifadəsini azaltmaqdır”, - deyə tədqiqatçı müsahibəsini sonlandırıb.

Mənbə: www.xpressa.net