AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib

AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib

Bakı, 21 noyabr, AZƏRTAC

Noyabrın 19-da Moskvada Həmkarlar İttifaqlarının Əmək sarayında Ümum Həmkarlar İttifaqları Konfederasiyası Şurasının və İcraiyyə Komitəsinin iclasları keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) AZƏRTAC-a bildiriblər ki, əməyin mühafizəsi, ekologiya, əməkçilərin sağlamlığı və sosial təminatı məsələlərinə həsr olunmuş Şura iclasında çıxış edən AHİK-in sədri, Milli Məclisin deputatı, Beynəlxalq Həmkarlar ittifaqları Konfederasiyasının vitse-prezidenti Səttar Möhbalıyev bu sahədə respublikamızda həyata keçirilən işlər barədə məlumat verərək qeyd edib ki, Azərbaycan son illər ərzində istər siyasi, istər iqtisadi, istərsə də sosial cəhətdən daha da möhkəmlənib. Dövlətimizin başçısının ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılmasına yönəldilmiş sosial siyasətinin səmərəliliyi xeyli yüksəlib. Respublikamızda aparılan ciddi iqtisadi islahatlar, şəffaflığın təminatına dair görülən işlər gəlirlərin əhəmiyyətli dərəcədə artmasına, ölkənin iqtisadi göstəricilərinin və maliyyə imkanlarının yüksəlməsinə imkan yaradıb. Neft gəlirlərinin düzgün bölgüsü, iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı neftdən asılı olmayan yeni inkişaf dövrünə sürətlə keçid üçün münbit zəmin yaranıb.

Son 8 ay ərzində Azərbaycan Prezidenti tərəfindən ölkə vətəndaşlarının sosial müdafiəsinin gücləndirilməsini, ölkə problemlərinin həll edilməsini, xüsusilə Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini müdafiə edərkən əlil olmuş şəxslər, şəhid ailələri, məcburi qaçqın və köçkünlər və yaşlı insanlar üçün nəzərdə tutulmuş pensiya və müavinətlərin ciddi şəkildə artırılmasını nəzərdə tutan əmr və sərəncamlar imzalanıb.

İşçilərin rifah halının artımına və onların sosial müdafiəsinin yüksəldilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsi ümumiləşdirilmiş göstəricilərin artımında öz əksini tapıb. 2018-ci ildə əhalinin gəlirləri 9,2 faiz artıb.

S.Möhbalıyev bildirib ki, cari ilin əvvəlində Azərbaycan Respublikasının Prezidenti iki böyük sosial islahatlar paketini təqdim edib. Prezidentin Sərəncamı ilə 2019-cü il martın 1-dən minimum əməkhaqqı 40 faiz qaldırılaraq 180 manat olan (106 dollar) yaşayış minimumu səviyyəsinə çatdırılıb. Bu məqsədlər üçün ölkə büdcəsinin xərcləri 300 milyon manatdan çox olub ki, bu da 600 min insanı əhatə edib və ölkədə orta aylıq əməkhaqqının artmasına gətirib çıxarıb. İkinci paket isə sentyabrın 1-dən minimum əməkhaqqının 250 manatadək (147 dollar) artırılmasını nəzərdə tuturdu ki, bu da 38,9 faiz yaşayış minimumundan artıqdır.

Bu il pensiyaların minimum aylıq məbləği 70 faizdən çox artaraq 200 manat (118 dollar) olub, müavinətlər – 2 dəfə, orta aylıq əməkhaqqı 35 faiz artıb. Nəticədə respublika üzrə orta aylıq əməkhaqqı 723 manat (425 ABŞ dolları) olub. Gizli iqtisadiyyatla aparılan ciddi mübarizə 100 mindən çox iş yerinin aşkar olunmasına şərait yaradıb. Əlbəttə, əməkhaqqının 35 faiz artması və orta aylıq əməkhaqqının 723 manata çatdırılması ölkə rəhbərliyinin sosial siyasətinin bariz nümunəsidir.

AHİK sədri qeyd edib ki, bütövlükdə bu islahatlar 4 milyon 200 min insanı əhatə edir. Eləcə də nəzərə çatdırıb ki, minimum əməkhaqqının ölçüsü əməkqabiliyyətli insanın yaşayış minimumundan çoxdur. Ölkə üzrə minimum əməkhaqqının, demək olar ki, 2 dəfə artmasına həmkarlar ittifaqlarının uzunmüddətli, məqsədyönlü işi də öz təsirini göstərib. Məlumdur ki, bəzi dövlət proqramlarına minimum əməkhaqqının artırılmasına dair öhdəliklərin daxil edilməsi bizim təkidli işimizin nəticəsidir.

Həmkarlar ittifaqları ölkə rəhbəri tərəfindən qəbul edilən qərarları BƏT-in 131-ci Konvensiyasında və Avropa Sosial Xartiyasında müəyyən edilmiş minimum əməkhaqqı üzrə dövlətin öz üzərinə götürdüyü öhdəliklərin tam həcmdə yerinə yetirilməsi istiqamətində mühüm addım kimi qiymətləndirir. Belə ki, bu qərarlar qəbul edilənədək ölkə üzrə minimum əməkhaqqı orta aylıq əməkhaqqının 30 faizini təşkil edirdisə, hazırda bu rəqəm 43 faizə çatdırılıb.

Azərbaycan son artımdan sonra alıcılıq qabiliyyəti paritetinə görə minimum əməkhaqqı üzrə MDB ölkələri məkanında və Cənubi Qafqazda birinci yerdədir.

Çıxışda qeyd edilib ki, fiziki şəxslərin problemli kreditləri ilə bağlı tədbirlər haqqında fevral ayında imzalanan Sərəncam ölkə vətəndaşlarının həyat səviyyəsinin yaxşılaşdırılmasına əhəmiyyətli dərəcədə kömək oldu. Dünya səviyyəsində neftin qiymətinin 3-4 dəfə aşağı düşməsi nəticəsində dövlət maddi itkilər verən şəxslərin problemli kreditlər məsələsinin həll edilməsinə dəstək göstərərək, xarici valyuta ilə kredit alan fiziki şəxslərin maliyyə itkilərini ödəmək məqsədilə onların kreditlərinin dövlət tərəfindən ödənilməsi haqqında qərar qəbul etmiş, kreditini ödəyənlərə isə 5 min dollara kimi (manat ekvivalentində) kompensasiya verilmişdir.

İşçilərin sosial-iqtisadi maraqlarının müdafiəsinə, yaşayış səviyyəsinin yaxşılaşdırılmasına, eləcə də ədalətin bərpa edilməsinə dair əsas tələblərlə yanaşı, dövlətimizin başçısının fərmanları ilə əməkçilərin əmanətləri üzrə problemlər aradan qaldırılıb. Ölkə rəhbərliyinin qərarı ilə bu il oktyabrın 15-dən başlayaraq əhalinin müflisləşmiş banklarda 10 min ABŞ dollarınadək sığorta olunmamış əmanətlərinin Əmanətlərin Sığorta Fondu tərəfindən qaytarılması prosesi gedir. Bu prosedur 50 mindən çox insanı əhatə edəcək.

Bundan əlavə respublika rəhbərliyinin digər qərarları ilə 2015-ci ildə baş verən iki devalvasiyadan zərər çəkmiş banklardan valyuta ilə kredit götürənlərin əmanətlərinin alınmasına yardım edilib. Nəticədə 850-900 min kreditora dəyən zərər dövlət tərəfindən (milyard manata yaxın) ödənilib.

S.Möhbalıyev məlumat üçün bildirib ki, Ümumdünya bankının digər nüfuzlu dünya strukturları və hökumətlərinin məlumatına əsasən, Azərbaycan iqtisadiyyatı bu ili 3 faiz artımla başa vuracaq.

Azərbaycan həmkarlar ittifaqları sosial siyasətin həyata keçirilməsi və stabil demokratik cəmiyyətin qurulması üçün əsas əhəmiyyət kəsb edən sosial dialoqun təşəbbüskarıdır. Ümumi əhval-ruhiyyəni cəmləyərək onu əks etdirən həmkarlar ittifaqları dövlət tərəfindən aparılan sosial iqtisadi siyasətə cəmiyyətin reaksiyasını aşkara çıxarır və onun vaxtında təshih edilməsinə yardım edir.

Həmkarlar ittifaqlarının fəal iştirakı ilə əhalinin məşğulluğuna dair milli qanunvericiliyin bəzi əsasnamələri yenilənib, Əmək və İnzibati Xətalar məcəllələrinə, eləcə də digər qanunvericilik aktlarına düzəlişlər edilib, “Məşğulluq haqqında” yenilənmiş Qanun qəbul olunub.

Respublikanın həmkarlar ittifaqlarının Azərbaycan tərəfindən ratifikasiya olunmuş BƏT-in 131 saylı Konvensiyasının icrasında təkidli işi Azərbaycan Respublikası hökuməti tərəfindən dəstəklənib, məsələ Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın iclasında müzakirə olunub, ölkə qanunvericiliyinə daxil edilməsi üçün nəzərdə tutulan zəruri dəyişikliklərə dair təkliflər Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilib.

AHİK sədri daha sonra vurğulayıb ki, Azərbaycan həmkarlar ittifaqlarının öz məqsədlərinə çatmaq üçün ən prioritet istiqamətlərindən biri layiqli əməkhaqqı uğrunda mübarizədir. Məqsədyönlü dövlət siyasəti və sosial partnyorların qarşılıqlı əməkdaşlığı nəticəsində bu sahədə son il ərzində əhəmiyyətli nəticələr əldə edilib.

“Biz, həmkarlar ittifaqı olaraq ölkənin dayanıqlı inkişafını öz fəal iştirakımızla əməyin gələcək sferasının inkişafına, əməkçilərin sosial-iqtisadi vəziyyətinin yaxşılaşmasına, işsizliklə mübarizəyə, gender bərabərliyinə yönəlmiş “2030-dək Dayanıqlı İnkişafın Məqsədləri” Dövləti Proqramının həyata keçirilməsində görürük”,- deyə S.Möhbalıyev vurğulayıb.

Bildirilib ki, Azərbaycan həmkarlar ittifaqları ölkənin sosial-iqtisadi siyasətini gələcəkdə də dəstəkləyəcək və sosial-iqtisadi hüquqların müdafiəsi, əməyin minimal haqqının ödənilməsi, real əməkhaqqının əhəmiyyətli dərəcədə yüksəldilməsi, milli qanunvericiliyin beynəlxalq normalara uyğunlaşdırılması, əməkhaqqının vaxtında ödənilməsi, idarə və təşkilatlar daxilində, eləcə də bütövlükdə sahələr üzrə gender əlamətlərinə görə əməkhaqqında differensasiyanın aradan qaldırılması üzrə işi davam etdirmək niyyətindədir.

Mənbə: azertag.az