Ədəbiyyat İnstitutunda “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabının təqdimatı olub

Ədəbiyyat İnstitutunda “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabının təqdimatı olub

Bakı, 22 noyabr, P.İmanova, AZƏRTAC

Noyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda tanınmış içtimai-siyasi xadim, filoloq-tarixçi, türkoloq, professor Əjdər Tağıoğlunun (İsmayılovun) təkrar nəşr olunmuş “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabının elmi müzakirəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Əjdər Tağıoğlunun zəngin elmi fəaliyyətindən sös açıb. Bildirib ki, bir sıra fundamental elmi monoqrafiyaların, araşdırmaların müəllifi olan Əjdər Tağıoğlunun Azərbaycanın ictimai-siyasi həyatında da mühüm xidmətləri olub. Onun elmi və ictimai-siyasi fəaliyyətinin kökündə hər zaman azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlərə hörmət dayanıb. Ömrünün 30 ildən çoxunu qədim Ön Asiya və Ön Qafqaz türk tayfalarının araşdırılmasına həsr edən alimin tədqiqatlarının nəticəsində bu fundamental monoqrafiya meydana gəlib. Professor Əjdər İsmayılovun erməni və muzdlu ermənipərəst tarixçilərin qədim türk torpaqları ilə əlaqədar XVIII əsrin əvvəllərindən günümüzədək kilsə əfsanə və rəvayətlərinə söykənərək “Böyük Armeniya” uydurması ilə əlaqədar qaldırdıqları iddiaları alt-üst edən “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” elmi əsəri Azərbaycan elmində çox böyük hadisə sayıla bilər. Yenidən işıq üzü görmüş kitab Azərbaycan tarix elmi, tədqiqatçılar, ali məktəblər, doktorant və tələbələr üçün dəyərli mənbədir.

Akademik İsa Həbibbəyli kitabın Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Turan Araşdırma Mərkəzi İctimai Birliyi tərəfindən reallaşdırılan “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” layihəsi çərçivəsində çap edildiyini söyləyib. Bildirib ki, kitab 2006-cı və 2008-ci illərdə AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun elmi şurasının qərarı ilə nəşr edilib.

Tədbirdə AMEA-nın müxbir üzvü Vəli Əliyev, akademik Möhsün Nağısoylu, tarix üzrə elmlər doktoru Qasım Hacıyev, tarix üzrə fəlsəfə doktoru Elnur Kəlbizadə və başqaları Azərbaycan tarixinin müxtəlif məqamlarına işıq salan “Qədim Ön Asiya və Ön Qafqaz türk tayfaları” kitabının əhəmiyyətindən və məziyyətlərindən söz açıblar. Bildirilib ki, Əjdər Tağıoğlu bu kitabla ehkama çevrilən çoxsaylı tarixi “faktlar”ı sübutlarla alt-üst edir. O, əsərdə çox maraqlı bir məqama toxunur və “Qafqaz Albaniyası” modelinin XIX əsrin əvvələrində “Türksüz Qafqaz” siyasəti aparan rus imperiyasının işğalçı-ideoloji maşını tərəfindən yaradıldığını xüsusi qeyd edir.

Qeyd edək ki, tarixi sənədlər, xəritə və fotolarla zəngin olan 800 səhifəlik monumental əsərin elmi redaktorları tarix üzrə elmlər doktorları Tofiq Məmmədov və Kamal Əliyev, rəyçiləri professorlar Qəzənfər Kazımov və Elməddin Əlibəyzadədir. Kitab “Elm və təhsil” nəşriyyatında çapdan çıxıb.

Mənbə: azertag.az