Azərbaycan naziri BMT-nin İqlim Dəyişmələri üzrə Konfransında iştirak edib

Azərbaycan naziri BMT-nin İqlim Dəyişmələri üzrə Konfransında iştirak edib

Madrid, 5 dekabr, AZƏRTAC

Dünya ölkələri Madriddə Qlobal İqlim Dəyişmələri ilə bağlı məsələləri müzakirə edib.

AZƏRTAC xəbər verir ki, İspaniyanın paytaxtı Madriddə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 25-ci Tərəflər Konfransı (COP25) keçirilib.

196 ölkənin nümayəndəsinin, o cümlədən 50 dövlət və hökumət başçısının, beynəlxalq təşkilat rəhbərlərinin iştirak etdiyi konfransda Azərbaycanı Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransda dövlət və hökumət başçıları tərəfindən iqlim dəyişmələri sahəsində həyata keçirilən milli fəaliyyətlər barədə məlumat verilib. Hökumətlərlə vətəndaş cəmiyyəti, özəl sektor və elm dairələri arasında iqtisadiyyatın dekarbonizasiyası, daha təhlükəsiz bir dünya və iqlim fəaliyyəti istiqamətləri üzrə panel müzakirələri təşkil olunub.

Azərbaycan nümayəndə heyətinin BMT-nin Ətraf Mühit Proqramı və Yaşıl İqlim Fondunun rəsmiləri ilə görüşləri keçirilib. Görüşlər zamanı ətraf mühitin qorunması və ekoloji problemlərin həlli baxımından BMT çərçivəsində irəli sürülən təşəbbüslərin Azərbaycan tərəfindən dəstəkləndiyi, bu istiqamətdə genişmiqyaslı layihələrin həyata keçirildiyi qeyd olunub.

Təhlükəli hidrometeoroloji hadisələrə qarşı dayanıqlığı təmin etmək məqsədilə Azərbaycanda erkən xəbərdarlıq sisteminin təkmilləşdirilməsi ilə bağlı görülən işlər barədə məlumat verilib.

 

Nigar Cəfərli

AZƏRTAC-ın xüsusi müxbiri

Madrid

Mənbə: azertag.az