Gündə 20 siqaret bu xəstəlik riskini 3 dəfə artırır

Gündə 20 siqaret bu xəstəlik riskini 3 dəfə artırır

Pnevmoniya, xalq arasında sətəlcəm kimi tanınan xəstəlik qış aylarında daha geniş yayılır. Daha çox uşaqlar və yaşlı şəxslər üçün təhlükəli sayılan bu xəstəlik hava-damcı yolu ilə çox tezliklə yayılır.

Ağciyərdə iltihabın yaranması ilə xarakterizə olunan sətəlcəm, bakteriya, virus, göbələk kimi mikroorqanizmlər sayəsində ortaya çıxır.

Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan mütəxəssislər gündə bir qutu siqaret çəkməyin pnevmoniya riskini 3 dəfəyə yaxın artırdığını bildiriblər. Çoxlu siqaret istifadəsi immun sistemini zəiflətdiyi üçün sətəlcəmin yaranmasına səbəb olur.

Gündə 10-20 siqaret çəkmək sətəlcəm riskini 2,3 dəfə, 20 siqaret çəkmək isə 2,9 dəfə artırır.

Pnevmoniya ən çox ölümə səbəb olan xəstəliklərin sırasında 3-cü, 65 yaşdan sonra ölüm səbəbləri arasında altıncı yerdə gəlir.

Pnevmoniya qəfil başlayan öskürəklə ortaya çıxır. Dörd gündən çox davam edən qızdırma, bəlğəmli öskürək, nəfəs almada çətinlik, sinədə, başda, eləcə də bütün bədənə yayılan ağrılar, ürək bulanma, qusma, halsızlıq bu xəstəliyin əlamətləri sayılır.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına görə, ən çox ölümə səbəb olan xəstəliklərdən olan aşağı tənəffüs yolları infeksiyaları ildə 3,2 milyon insanın ölümünə səbəb olur.

Pnevmoniya əleyhinə peyvənd sətəlcəmin qarşısını almaq üçün əsas addım sayılır.

 

Sətəlcəmin əsas müalicəsi antibiotik müalicəsi sayılır. Eyni zamanda temperatur salan, öskürəyi və ağrını kəsən dərmanlar təyin olunur. Bundan başqa, çoxlu maye qəbulu, istirahət rejimi, yaxşı qidalanma da əlavə müalicə tədbirləri sayılır.

Alimlərin hesab edir ki, məhz peyvənd yolu ilə pnevmokokkların törətdiyi xəstəliklərin sayını 85% azaltmaq mümkündür.

Azərbaycanda Milli Peyvənd təqviminə uyğun olaraq uşaqlar 2, 4 və 6 aylığında üç dəfə peyvənd olunurlar.

Pnevmokokk peyvəndi 65 yaşlı və daha yaşlılar, ürək-damar, böyrək, qaraciyər, dalaq, şəkər xəstələri, bronxlarda problemi olanlar, immun sistemində problemi olanlar, alkoqol, siqaret istifadəçiləri, dalağı çıxarılan şəxslər üçün çox vacib sayılır.

Qeyd edək ki, mütəxəssislər siqaret çəkənlərin pnevmoniyanı daha ağır keçirdiklərini, daha çox risk qrupuna daxil olduqlarını vurğulayırlar.

Milli.Az

Mənbə: news.milli.az