Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb

Bakı, 9 dekabr, AZƏRTAC

Dekabrın 9-da Yaponiyanın Azərbaycandakı səfirinin iqamətgahında “Ot kökləri və insan təhlükəsizliyi” üzrə qrant yardımı proqramı çərçivəsində 4 layihə üzrə müqavilələr imzalanıb.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən səfir Teruyuki Katori layihələrin icrası barədə danışıb. O bildirib ki, müqavilələrə əsasən Ağdam rayonunun Paşabəyli kəndində bağça tikintisi və su təchizatı sistemi, Zərdab rayonunun İsaqbağı və Məlikumudlu kəndlərində tibb məntəqələrinin tikintisi və Füzuli rayonunun Şükürbəyli kəndində su təchizatının yaxşılaşdırılması layihələri həyata keçiriləcək. Dörd layihənin ümumi məbləği 357 min 453 ABŞ dollarıdır. Yeni layihələrin icrası nəticəsində sözügedən regionlarda su təchizatı sistemi, məktəbəqədər təhsil və ilkin tibbi xidmət sahələri daha da təkmilləşdiriləcək. Səfir deyib ki, 2000-ci ildən indiyədək “Ot kökləri və insan təhlükəsizliyi” proqramı çərçivəsində 248 layihə uğurla icra edilib.

Ağdam Rayon İcra Hakimiyyəti başçısının müavini Allahverdi Əliyev bu cür önəmli layihələrin həyata keçirilməsinə görə Yaponiya hökumətinə minnətdarlıq edib.

Qeyd edək ki, 141 ölkə və bir regionu əhatə edən “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı” proqramı insan təhlükəsizliyi ideyasına əsaslanaraq, inkişaf etməkdə olan ölkələrdə iqtisadi inkişafa dəstək göstərir. İnsan yaşayışı üçün vaciblik təşkil edən sahələri (təhsil, səhiyyə, yaşayış mühiti) prioritet götürən qrant yardımı proqramı əhalinin həyat şəraitinə birbaşa təsir göstərən xırda infrastruktur layihələrini icra edir.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyada narkotik alverçisi olan azərbaycanlı istintaqdan qaçaraq, hərbi xidmətdə gizlənib

SONRAKI XƏBƏR

Rus deputat Zatulin Zaxarovanın üstünə yeridi - səbəb Qarabağ münaqişəsi və faşist Njde məsələsidir...