Xaricdə yaşayan azərbaycanlılara MÜJDƏ: Soydaş vəsiqəsi ilə...

Soydaş vəsiqəsi nədir və onun hansı əhəmiyyətləri olacaq?

Diasporla İş üzrə Dövlət Komitəsinin hüquq və sənədlərlə iş üzrə şöbəsinin müdir müavini Şahin Camalov Lent.az -a hazırlanan qanun layihəsindən danışıb:

“Diasporla İş üzrə Dövlət Komitəsi cənab prezidentin diaspora ilə bağlı qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsi üçün “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanun layihəsi üzərində işləyir. O qanunda həm xaricdə yaşayan soydaşlar anlayışının çərçivəsini, həm də onlara dövlətin verəcəyi imtiyazları müəyyən etmişik. Bu imtiyazların da verilməsi üçün əsas sənədlərdən biri soydaşlıq vəsiqəsidir. Bu vəsiqə xaricdə yaşayan soydaş statuslu insanlara veriləcək. Soydaş deyərkən, qanuna əsasən, xaricdə müvəqqəti və ya daimi yaşayan, Azərbaycan və ya xarici ölkə vətəndaşı olan Azərbaycan mənşəli insanlar nəzərdə tutulur”.

Həmsöhbətimiz soydaşlıq vəsiqəsi alan şəxslərə veriləcək imtiyazlara da aydınlıq gətirib:

“Qanun layihəsinə əsasən, vəsiqə veriləcək həmyerlilərimizə bir sıra güzəştlər ediləcək. Bunlardan biri onların Azərbaycana vizasız girişinin təmin edilməsidir. Həmin şəxslər vizasız ölkəyə gələrək 90 gün burada yaşaya biləcəklər. Ancaq indi xarici ölkə vətəndaşı olan azərbaycanlılar da həmin ölkə vətəndaşları kimi Azərbaycana gəlmək üçün viza prosedurundan keçməlidirlər. Soydaş vəsiqəsi alacaq şəxslərə Azərbaycanda pulsuz təhsil almaq hüququ da veriləcək. Onlar Azərbaycanın vətəndaşları kimi ölkədə pulsuz orta, orta-ixtisas və ya ali təhsil ala biləcəklər. Bundan əlavə, məlumdur ki, xarici ölkə vətəndaşları Azərbaycanda işləmək üçün işçi miqrant vizası alırlar. Soydaş vəsiqəsi alan şəxslərə isə işçi miqrant vizası olmadan və dövlət qulluğu istisna olmaqla əmək müqaviləsi ilə Azərbaycanda işləməyə icazə veriləcək”.

Sözügedən vəsiqədən imtina hallarından danışan Şahin Camalov, soydaşlıq vəsiqəsi verilməyəcək şəxslərdən də danışıb:

“Soydaş vəsiqəsinin verilməsindən imtina edən hallar da var. Onlardan bəzilərinə dövlət çevrilişinə cəhd, dövlətə xəyanət və bu kimi bir sıra məqamlar daxildir. Yaxın zamanlarda qanun layihəsi ilə bağlı ictimai müzakirələr təşkil olunacaq. Həmin müzakirələrdə bütün məqamlara aydınlıq gətiriləcək. Bu qanunda imtinaya səbəb olan hallarla bağlı arayış ala bilməyən şəxslərə soydaş vəsiqəsi verilməyəcək.

Qanun layihəsini dövlət başçısına Diasporla İş üzrə Dövlət Komitəsinin üzvü olduğu Nazirlər Kabineti təqdim edəcək. Prezident də qanunvericilik hüququndan dolayı Milli Məclisə müzakirə olunması üçün həmin qanun layihəsini göndərəcək”.

Mövzu ilə bağlı Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Lent.az -a açıqlama verərkən qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasının vacibliyindən danışıb:

“Bu barədə uzun müddətdir ictimai müzakirələr aparırdıq. Təşkilatımıza da zaman-zaman çoxsaylı müraciətlər edilib. İstər-istəməz bütün maraqlı təklifləri qeydə alırıq. Diasporla İş üzrə Dövlət Komitəsi hazırlayıb və inanıram ki, qanun layihəsi hazırlanarkən bizim də təkliflərimizə diqqət yetirilib. Ancaq Dövlət Miqrasiya Xidmətinə hələ ki bununla bağlı sənəd verilməyib. Qanun layihəsinin məqsədi ondan ibarətdir ki, xaricdə yaşayan həmyerlilərimiz də dövlətin yaratdığı imkanlardan yararlana bilsinlər. Onların Azərbaycana gəlib yaşamaları, qeydiyyata düşmələri, əmək fəaliyyəti ilə məşğul olmaları və digər məsələlər üçün güzəştlər ediləcək. Bu prosesi bir neçə qurum birgə həyata keçirəcək. Söhbət təkcə vəsiqə verilməsindən deyil, qeyd olunan güzəştlərin necə icra olunmasından gedir. Vəsiqənin verilməsini Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyi həyata keçirəcək. Soydaş vəsiqəsi alanların gəlib ölkə daxilində əmək müqaviləsi ilə işləməsini və digər güzəştləri aidiyyatı qurumlar təmin etməlidir. Qanun layihəsi ictimai müzakirəyə çıxarılmalı və ayrı-ayrı təkliflər də nəzərə alınmalıdır”.

Qeyd edək ki, parlamentin dekabrın 3-də keçirilən iclasında Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Rafael Hüseynov “Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında” qanundan söz açıb. O, dünyanın müxtəlif ölkələrində yaşayan həmvətənlərimizə soydaş vəsiqəsinin verilməsini və onlara güzəştlər ediləcəyini söyləyib.

Lent.az

ƏVVƏLKİ XƏBƏR

Səadət Şıxıyevadan Nəsimi ilinə böyük tövhə - “Nəsiminin lirikası: irfani mündəricə və poetik zinətlər”

SONRAKI XƏBƏR

Qonşuda kritik durum: hər gün 15 nəfər buna görə ölür