Kədərli uşaqlığın xoş xatirəsi - Biz onda Böyük Adamın kim olduğunu bilmirdik

Kədərli uşaqlığın xoş xatirəsi - Biz onda Böyük Adamın kim olduğunu bilmirdik

Kubra Məhərrəmova yazır...

İndi deyəcəklər ki, əşşi, sən uşaqsan. Nə danışırsan? Danışıram. Çünki ən parlaq xatirələr elə uşaqlıq xatirələridir.

90-cı illərin əvvələrində biz ibtidai məktəbdə təhsil alırdıq. Çörək dükanlarında sutkalarla növbə gözləyirdik. Tapanda sevinirdik. Olurdu ki, saatlarla növbə gözləyirdin, amma çörək gəlmirdi dükana. Ümumiyyətlə, dükanlarda heç nə olmurdu. Nə yeməli, nə içməli, nə də geyinməli. Bir də hər gün kiminsə qohumu şəhid olurdu. Qadınlar küçəyə gündüz vaxtı çıxmağa qorxurdular. Boyunlarından qızıl boyunbağıları, qulaqlarından sırğaları dartıb qaçırdı oğrular. Kişilərin başından “norka” papaqları belə götürüb qaçırdılar. Kimin əynində “kojinka” var idisə, evə tez gedirdi, hava qaralmamış. Çünki insanları küçədə soyurdular. Çantaları qapıb qaçırdılar. Çoxları sırğa-üzük taxmırdı çölə çıxanda, evdə də qoymağa qorxurdular. Evləri də yarırdılar.

Gecələr isə küçələr zülmət qaranlıq olardı. Küçənin bir başında bir küçə fənəri yanardı, ya yanmazdı. Hə, işıqlar da tez-tez sönərdi. İndi evdə 5 dəqiqə internet olmayanda hay-küy salırıq. Elə bil 90-cı illərin cəhənnəmindən çıxan o uşaqlar deyilik.

Hər gün deyirdilər ki, bir az dözün yaxşı olacaq. Amma yaxşı olmurdu. Yadıma gəlir, o vaxt parlamentdə İsgəndər Həmidov, İsa Qəmbər, Etibar Məmmədov və s. kimilər nəsə danışırdılar. Öz aralarında çaxnaşma, dava-dalaş olurdu. Hər gün vəziyyət bir az da pisləşirdi.

Arada-sırada kimlərsə küçədə-bacada Heydər Əliyevin adını çəkirdi. Amma biz bilmirdik, o kimdir. Kimsə deyirdi ki, “KQB-nin generalıdır”, kimsə deyirdi “böyük adamdır”. Amma biz uşaqlar bilmirdik, kimdir bu böyük adam. İnsanlar deyirdilər ki, O, gəlsə yaxşı olacaq. O vaxt da, yeganə məlumat alınan yer televiziya idi. Oradan da deyən yox idi, kimdir “böyük adam”. Biz isə uşaqcasına elə bilirdik ki, bu böyük adam yəqin çox hündürboy, çox cüssəlidir, ona görə belə deyirlər.

1993-cü ilin yayında Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdı. Böyük insan kütləsinin qarşısında çıxış etdiyini televizordan göstərdilər. İnsanlar onu alqışlayırdı, qucaqlayıb öpürdülər. İnsanlar həddindən artıq çox idi. Onlar deyirdilər ki, “Heydər Aliyeviç, siz bizim xilaskarımızsız”. Amma biz uşaqlar yenə də başa düşmürdük.

Üstündən illər keçdikcə anlamağa başladıq, xalq Ona niyə xilaskar deyirdi. Yavaş-yavaş televizorda görürdük ki, Heydər Əliyev ABŞ-a, İngiltərəyə, Fransaya və dünyanın bir sıra ölkələrinə rəsmi səfərlər edir. Bayrağımız digər ölkələrin bayraqları ilə birgə asılır. Böyüklər deyirdi ki, həmişə Sovetin bayrağı altında gəzirdik. İndi isə öz bayrağımızdır.

İllər sonra yenə televizorda Onun hərbi məktəbin kursantları qarşısında çıxış etməsini göstərdilər. Və Heydər Əliyev qəflətən yıxılır. Qabırğalarının sınmasına baxmayaraq, 80 yaşlı Heydər Əliyev - dövlətin Ali baş komandanı yenə də səhnəyə qayıdır və gənc hərbçilər qarşısında çıxışını tamamlayır. O zaldakı alqışlar indi də qulağımdadır.

2003-cü ilin 12 dekabrında Heydər Əliyevin ölüm xəbəri Azərbaycana çatdı. İnsanlar deyirdi ki, yalandır. Xarici düşmənlər şayiə yayır. Ölməyib! Amerikada müalicə alır, sağalıb qayıdacaq. Çünki böyük adamdır, möhkəm adamdır. Ona heç nə olmayıb. Lakin Ali baş komandan Azərbaycanın bayrağına bükülərək vətəninə qayıdanda insanlar anladılar ki, bu yalan deyil...

Sonra insanlar yollara çıxıb sonuncu dəfə Böyük İnsana öz mənəvi borclarını ödədilər. Çünki o an hamı anlayırdı ki, o vaxt Böyük İnsan gəlməsəydi, bu gün onlar həmin küçələrə çıxa bilməzdilər. Yəqin ki, heç Azərbaycanın özü də indi olmazdı...

Dərin hüzn və hörmət hissi ilə anırıq... Ulu Öndər. Ruhu şad olsun!

Mənbə: www.oxu.az