344 region sakini pulsuz hüquqi yardım alıb

344 region sakini pulsuz hüquqi yardım alıb

"Bu ilin 8 ayı ərzində regionlarda yaşayan 344 nəfərə pulsuz hüquqi yardım göstərilib. Hüquqi yardım göstərilən şəxslərin əksəriyyəti aztəminatlı şəxslər olub".

Bu barədə Modern.az-a məlumat verən Xalid Kazımov bildirib ki, fəaliyyətləri 3 istiqamətdə həyata keçirilib: "Xidmət çərçivəsində regionlarda əhalinin aztəminatlı və sosial cəhətdən həssas qrupları hüquqi yardımla təmin edilib. Xidmətlər Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyyələşdirilən və Qafqaz Tədqiqatlar və Resurs Mərkəzi (Gürcüstan) təşkilatı tərəfindən icra olunan “Vətəndaş Cəmiyyətinə Dəstək Proqramı” çərçivəsində göstərilib.
Əhalinin göstərilən xidmətlərə əlçatanlığını təmin etmək üçün “qaynar xətt” xidməti (0702902299) yaradılıb. Sosial şəbəkədə (“Facebook”, “İnstagram” və “WhatsApp”da) hesab yaradılıb və edilən müraciətlər onlayn cavablandırılıb. 34 rayonundan “Qaynar xətt” xidməti, “Facebook”, “İnstagram” və “WhatsApp” səhifəsinə daxil olan 132 müraciət cavablandırılıb. “Qaynar xətt” vasitəsi ilə 37 nəfərə, “Facebook” səhifəsi üzərindən 48 nəfərə, “İnstagram”la 20 nəfərə, “WhatsApp”la 27 nəfərə hüquqi yardım göstərilib. Bu platformalar üzərindən hüquqi yardım göstərilənlərdən 67 nəfəri qadın olub.

Bundan başqa müraciət edən 178 nəfərə xidmətin ofislərində hüquqi yardım göstərilib. Müraciət edənlərdən 74 nəfər üçün ayrı-ayrı dövlət qurumlarına ərizə və şikayət yazılıb, 43 nəfərin məhkəmələrə iddia ərizəsi, apellyasiya və kassasiya şikayəti hazırlanıb. 52 nəfərə icra olunmayan məhkəmə qərarına görə müvafiq İcra və Probasiya Şöbəsinə ərizə yazılıb, 9 nəfərə hüquqi məsləhət verilib. Müraciətlərdən 47-si alimentin ödənilməməsi ilə bağlı olub. Alimentlə bağlı məhkəmə qərarlarının icrası ilə bağlı rayon icra və probasiya şöbələrinə edilən müraciətlərdən sonra 43 nəfərin aliment borcunun müəyyən hissəsinin ödənilməsinə nail olunub. Dövlət qurumlarına edilən müraciətlərdən sonra Qarabağ müharibəsi iştirakçısı olan 1 nəfərin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy şöbəsində itirilən hərbi biletinin dublikatı alınıb, 2 nəfərə Qarabağ müharibəsi veteranı adı verilib. Bu xidmətdən faydalananlardan 93 nəfəri qadın olub.
Xidmət dövründə 34 nəfərin məhkəmədə müdafiəsi təmin edilib. İndiyədək 23 məhkəmə iddiası üzrə məhkəmə prosesi yekunlaşıb. 17 iş üzrə qaldırılan iddialar təmin edilib. 3 iş üzrə iddia rədd edilib. Qalan işlər üzrə məhkəmə prosesləri davam etdirilir. Ümumilikdə hər üç istiqamət üzrə 344 nəfərə hüquqi yardım göstərilib ki, onlardan da 171 nəfəri qadın olub".


X.Kazımovun sözlərinə görə, regionlarda keçirilən məlumatlandırma sessiyalarına isə 162 nəfər qatılıb: "Həmçinin, Qanunvericiliyin ölkə vətəndaşlarına verdiyi sosial, təhsil və səhiyyə hüquqlarının əks olunduğu “Hüquq hamı üçün” adlı buklet hazırlanaraq 2000 ədəd çap edilib və Bakı şəhəri, Bərdə və Tərtər, Yevlax, Goranboy, Şirvan, Hacıqabul, Salyan, Biləsuvar, Şəki, Zaqatala, Qax və Oğuz rayon sakinləri arasında yayılıb. Regionlarda rast gəlinən hüquq pozuntuları və onların qarşısının alınması ilə bağlı ekspert təkliflərinin də yer aldığı 6 araşdırma yazı hazırlanaraq 1 qəzet və 2 onlayn mediada dərc edilib".

Mənbə: modern.az