FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin Türkiyədə təlimdə iştirak edən üzvlərinə sertifikatlar verilib

FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin Türkiyədə təlimdə iştirak edən üzvlərinə sertifikatlar verilib

Bakı, 21 yanvar, AZƏRTAC

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) Beynəlxalq axtarış-xilasetmə dəstəsinin üzvlərinin Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi Fəlakət və Fövqəladə Hallar Departamentinin (AFAD) dəvəti ilə Ankarada iştirak etdikləri təlim başa çatıb.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, təlimin yekunu ilə əlaqədar iştirakçılara AFAD tərəfindən sertifikatlar təqdim olunub. Bununla bağlı təşkil olunan mərasimdə AFAD-ın rəhbəri Mehmet Güllüoğlu, Baş əməliyyat departamentinin rəisi Əbdülkadir Tezcan, AFAD-ın digər rəsmi şəxsləri və FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən FHN-in nümayəndə heyətinin rəhbəri Ələsgər Əliyev təlimin keçirilməsində verdiyi dəstəyə və yaradılan şəraitə görə AFAD rəhbərliyinə təşəkkürünü bildirib.

AFAD-ın rəhbəri Mehmet Güllüoğlu Azərbaycan FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinə fəaliyyətində uğurlar arzulayıb. O, Ankarada keçirilmiş təlimin Türkiyənin mentorluğu ilə humanitar əməliyyatlarda Azərbaycanı təmsil etmək üçün yaradılmış FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (UN OCHA) Beynəlxalq Axtarış-xilasetmə Məşvərət Qrupunun (INSARAG) sinifləndirilməsindən keçməsi istiqamətindəki hazırlıqlara töhfə verəcəyinə əminliyini ifadə edib.

Əbdülkadir Tezcan FHN-in Beynəlxalq axtarış-xilasetmə dəstəsinin üzvlərinin təlim zamanı qazandıqları təcrübənin əhəmiyyətindən söz açıb.

Sonda təlimin iştirakçılarına sertifikatlar təqdim olunub.

Mənbə: azertag.az