Azərbaycanda yeni doğulan uşaqlar arasında oğlanların payı 53 faizə çatdı - bir neçə il əvvəlki vəziyyət dəyişir

Azərbaycanda yeni doğulan uşaqlar arasında oğlanların payı 53 faizə çatdı - bir neçə il əvvəlki vəziyyət dəyişir

Əhalinin sayının artması ölkənin demoqrafik inkişafı, güclənməsi, xalq, millət kimi sözümüzün çəkisinin daha da artması deməkdir. Savadlı, təhsilli, müasir dünyagörüşlü insanlarımızın sayı nə qədər çox olarsa, ölkə bir o qədər inkişaf edər, dünyada nüfuzu daha da artar. Ona görə də bu hadisə hər bir Azərbaycan vətəndaşını sevindirməlidir.

Açıqlanan statistik rəqəmlərə əsasən, ötən ilin 11 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 129183 doğulan körpə qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə bu göstərici 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (14,2) qalıb. Doğulanların 53,2 faizi oğlan, 46,8 faizi isə qız uşaqlarıdır. Körpələrdən 3102-si əkiz, 102-si üçəm, 8-i isə dördəm doğulanlardır.

Əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 5,8-dən 5,6-ya düşüb.

Təəssüf ki, hələ də yeni doğulan körpələr arasında oğlan uşaqlarının faiz nisbəti çoxluq təşkil edir. Belə ki, körpələrin 53,4 faizi oğlan, 46,6 faizi isə qız uşaqlarıdır.

“Ailələrdə qız uşaqlarına münasibəti dəyişmək üçün sosial çarxların, kütləvi tədbirlərin köməyilə ciddi maarifləndirmə işləri aparmaqla yanaşı…”

“Vəfa” Sosial-İctimai Birliyinin sədri Fatimə Hacıbəyli “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan ailələrində "mənim niyə oğlum yoxdur" sualı populyardır: “Sırf oğlu olmadığına görə psixoloji problemlər yaranan ailələr yetərincədir. Bəzən Azərbaycan ailələrində oğlu olmayan qadına sonsuz kimi baxır, onu qınaq obyektinə çevirirlər. Oğlan uşağı dünyaya gətirməyən gəlinlər ən arzuolunmaz gəlinlərdir”.

Həmsöhbətimiz hesab edir ki, ailələrdə qız uşaqlarına münasibəti dəyişmək üçün sosial çarxların, kütləvi tədbirlərin köməyilə ciddi maarifləndirmə işləri aparmaqla yanaşı, qaydaları sərtləşdirmək lazımdır: “Müasir ailələrdə qız uşaqları üçün münasib həyat şəraiti standartları yaratmaq lazımdır. Başlıca problem ailənin qız övladına normal həyat şəraiti yaratmamasındadır. Oğlan uşaqları üçün ev, torpaq payı, miras nəzərdə tutulduğu halda, qız uşaqları mülkiyyət hüquqlarından məhrum olur”.

Birlik sədri onu da əlavə etdi ki, qızların sayının azalması cəmiyyətdə kəskin sosial problemlər yarada bilər: "İlk növbədə, dünyaya uşaq gətirən anaların sayı azalacaq. Gələcəkdə oğlanlar ailə qurmaq istərkən çətinliklə üzləşəcəklər. “Əgər qızdırsa, onun dünyaya gəlməsini istəmirik" fikrindən insanları çəkindirmək lazımdır. Nəzərə almaq lazımdır ki, hər il oğlan uşaqlarının sayı artır, qız uşaqlarının sayı isə azalır. Evlənmə yaşına çatanda oğlanların sayı qızlardan çox olacaq. Belə olan halda isə subayqalma halları olacaq, oğlanlar başqa ölkələrdən, başqa millətdən olan qızlarla evlənəcək, nikahların milliliyini qorumaq çətinləşəcək. Milli mentalitetin qorunması üçün atanın da, ananın da eyni millətdən olması vacibdir, xüsusən də bunun bizim kimi o qədər də böyük olmayan və gənc ölkə üçün böyük əhəmiyyəti var".

Ekspertin sözlərinə görə, hazırda cəmiyyətdə, televiziyalarda və sosial şəbəkələrdə əxlaqsızlığın təbliği gedir: “Bu isə ailələrdə qız uşaqlarının olmasına böyük qorxu yaradır. Onlar fikirləşirlər ki, indiki dövrdə qız uşaqlarını tərbiyə etmək çox çətindir. Burada əsas faktorlardan biri də ailələrdə sosial problemlərin olmasıdır. Ailədə sosial problemlər varsa, onlar düşünürlər ki, qızı olduqdan sonra böyütməli, oxutmalı, cehiz verməlidir və s. Ona görə də bu yükləri öz üzərlərinə götürmək istəmirlər. Ancaq onlar oğlan olduqda düşünürlər ki, böyüdəcəklər və gələcəkdə də övladları onlara dayaq olacaq. Bundan əlavə, qadınlara qarşı olan davranışlar da öz işini görür. Cəmiyyətdə qadınlara edilən zorakılıqları görürük. Biz indi müasirləşməliyik, avropalaşmalıyıq, ancaq, əksinə, radikal dinlər, stereotiplər bizi geri atır”.

 

Mənbə: www.baki-xeber.com