Çində yayılan koronavirusa yoluxanlar arasında azərbaycanlı yoxdur

Çində yayılan koronavirusa yoluxanlar arasında azərbaycanlı yoxdur

Çində koronavirusun yeni növünə (2019-nCoV) yoluxanlar arasında Azərbaycan vətəndaşı yoxdur.

AZƏRTAC-a ölkəmizin Çindəki səfirliyindən bildiriblər ki, səfirlikdə konsulluq qeydiyyatında olan vətəndaşlarımızın, o cümlədən virusun yayılma mərkəzi olan Uxanda yaşayan soydaşlarımızın virusa yoluxması ilə bağlı fakt qeydə alınmayıb. Səfirliyin əməkdaşları Uxanda yaşayan azərbaycanlılarla mütəmadi əlaqə saxlayır. Yanvarın 23-dən başlayaraq Uxandan kənara avtobus, dəmir yolu və təyyarə reyslərinə qadağa qoyulması, habelə avtomagistralların bağlanması ilə əlaqədar şəhəri tərk etmək istəyən Azərbaycan vətəndaşlarının çətinliyi yaranıb. Hazırda səfirlik həmin vətəndaşlara bu məsələdə köməklik göstərilməsi üçün səlahiyyətli qurumlarla danışıqlar aparır.

Qeyd edək ki, Çində vəhşi heyvanlardan yayıldığı yəqin edilən koronavirusun indiyədək aşkar olunmamış növünə yoluxanların sayı 620-yə çatıb. Bu virus səbəbindən ölənlərin sayı isə 17-dir. Çinin materik hissəsi ilə yanaşı, Tayvan adasında, Honkonq və Makao xüsusi inzibati bölgələrində, Tailandda, Cənubi Koreyada, Yaponiyada və ABŞ-da bu virusa yoluxma qeydə alınıb. Həmin şəxslərin hamısı ya Uxan sakinləri, ya da bu yaxınlarda Uxana səfər edənlərdir.

Mənbə: azertag.az