Yerüstü park yerlərində ödənişlər qeyri-qanunidir - VİDEO

Yerüstü park yerlərində ödənişlər qeyri-qanunidir - VİDEO

Bakı şəhərində parklanma ilə bağlı ciddi problemlər, pərakəndəlik və özbaşınalıq var.

BAKU.WS-in məlumatına görə, BAKU.TV-nin “Xəbər” buraxılışında yayımlanan sujet hazırlanıb.

Adının hallanmasını istəməyən bir sürücü deyir ki, parklanma yerindən 2 saat 26 dəqiqə istifadə etdikdən sonra ona ödəniş etmək üçün qəbzlə 2 manat 50 qəpik məbləği qeyd olunan bildiriş gəlib.

“Hərə bir cərgəni özü üçün özəlləşdirib. Əgər parkinqdisə ödəyək birbaşa getsin büdcəyə 5-10 manat.

Yox parkinq deyilsə bu adamları yığışdırmaq lazımdır. Hərəsinin əlində köhnə bir aparat tutublar, yalandan da bisavad adamları, utancaq adamları o çeklə utandırırlar” – deyə paytaxt sakini bildirib.

“Bu barədə onu deyə bilərik ki, biabırçılıqdır. Tərpənmək olmur. Bir də görürsən qabağında, arxanda maşın olu gəlib pul istəyir” – deyə digər sakin vurğulayıb.

Çəkiliş zamanı həmin parking əməkdaşlarından da mövqe öyrənməyə çalışsaq da, onlar kameranı görən kimi ərazidən uzaqlaşdılar.

Ekspert Elməddin Muradlı deyir ki, bu şəxslərin sürücülərdən ödəniş alması özbaşınalıqdır və lazımi orqanlar məsələ ilə bağlı ciddi addımlar atmalıdır.

“Bu şəxslər özbaşına bir sistem qurublar. Çek çap edirlər, insanları inandırmaq üçün müxtəlif yollara əl atırlar. Hətta ödəniş etməyən insanlara təzyiqlər belə edirlər.

Hədə qorxu gəlirlər ki, ödəniş etməsəz maşına nəsə olsa mənlik deyil. Bu insanlar barəsində Vergilər Nazirliyi, Daxili işlər nazirliyi, baş prokurorluq müəyyən addımlar atmalıdır” - deyə Elməddin Muradlı qeyd edib.

BNA-nın sözçüsü Mais Ağayev isə küçə parklanmasına görə parkinqlərdə ödənişlərin yığılması qanuna zidd hərəkət olduğunu bildirir. Onun sözlərinə görə məsələnin araşdırılması üçün agentlik tərəfindən hüquq mühafizə orqanlarına müraciət olunub.

“Küçə parklanma yerlərinə görə ödənişin edilməsi, vəsaitin alınması tam qanunsuzdur. Küçə parklanma yerlərinin tariflərin müəyyən olunması ilə bağlı BNA tərəfindən Nazirlər Kabinetinə müraciiət olunub.

Qiymətlər müəyyən olana qədər, Nazirlər kabineti qərarını açıqlayana qədər küçə parklanma yerlərindən istifadə tam ödənişsizdir”, - deyə Mais Ağayev əlavə edib.

Qeyd edək ki, hər halda kimsə ürəyi istədiyi yerə şlaqbaum qoyub vətəndaşlardan pul tələb etməyə haqqı yoxdur.

Bu ilk növbədə qanunla qadağandır.

Ümid edirik ki, aidiyyatı orqanlar tərəfindən bu şəxslərin qanun qarşısında cavab verməsi təmin olunacaq.

 

Mənbə: baku.ws