Zəlzələ zonasından tələbələr necə təxliyə edilib? - Səfirlik rəsmisi Moderator.az-a danışdı

Zəlzələ zonasından tələbələr necə təxliyə edilib? - Səfirlik rəsmisi Moderator.az-a danışdı

Azərbaycan vətəndaşlarının Türkiyədəki zəlzələ zonasında necə təxliyə olunmasıyla bağlı son məlumatları öyrənmək üçün Moderator.az-ın əməkdaşı Azərbaycanın Türkiyədəki səfirliyi ilə əlaqə saxlayıb.

Səfirliyin rəsmisi saytımıza açıqlamasında bildirib ki, bölgəyə göndərilən üç avtobusla vətəndaşlarımız ölkəyə gətirilir:

“Zəlzələ baş verən andan etibarən səfirlik tərəfindən “qaynar xətt” yaradılıb və səfirliyin “twitter” və “facebook” səhifəsi vasitəsilə vətəndaşlar əlaqə yarada bilirlər. Burda yalnız tələbələr deyil, bütün vətəndaşlarımız nəzərdə tutulur. Həmin vaxtdan da dövlət qurumları vəfat edənlərin arasında bizim vətəndaşlarımızın olub-olmamasıyla bağlı maraqlanıblar. Bu məsələ səfirlik tərəfindən həll ediləndən sonra ölkə başçısının göstərişinə əsasən orda olan vətəndaşlarımızın təxliyəsi üçün iki ədəd, hər biri 41 sərşinin tutumu olan avtobus əraziyə göndərilib və bir avtobus isə Naxçıvandan Elazığ şəhərinə gəlib.

Avtobuslardan biri Elazığ, digəri isə Malatya şəhərindən azərbaycanlıları ölkəyə gətirəcək. Hazırda Elazığ şəhərində olan avtobus tam dolu şəkildə yola düşüb və bu haqda məlumat da verilib. Malatyada olan avtobusla da otuz sərnişin Elazığ şəhərinə gəlib və orda olan tələbələrimizi də götürərək yola düşüb. Eyni zamanda, onların yol boyu bütün xərcləri Azərbaycan dövləti tərəfindən qarşılanıb və sərhədə çatdıqdan sonra Naxçıva Muxtar Respublikasının avtobuslarına təhvil verilib. Orda da vətəndaşlarımız hər şeylə təmin olunaraq artıq Naxçıvana keçiblər.

Bizim vətəndaşlarımızdan zəlzələ nəticəsində nə vəfat edən, nə də yaralanan var. Demək olar ki, ölən və yaralananların hamısı Türkiyə vətəndaşlarıdır. Biz tələbələrimizdən də bu haqda soruşduq və onlar da bizim vətəndaşların xəsarət almadıqlarını bildirdilər. Qeyd etdiyim iki avtobus artıq hava limanındadır. Üçüncü avtobus da hava limanına çatdıqdan sonra təyyarə birbaşa Bakıya uçacaq”.

Mənbə: moderator.az