6 yaşlı qızı qan xərçəngi olan atanın harayı: Aylinimi xilas edin! - VİDEO+FOTOLAR

6 yaşlı qızı qan xərçəngi olan atanın harayı: Aylinimi xilas edin! - VİDEO+FOTOLAR

Qızı ağır xəstəliyə düçar olan çarəsiz ata yardım üçün redaksiyamıza müraciət edib.

Rail Həsənov ailəsi ilə birlikdə Zaqatalanın Qandax kəndində yaşayır. Ailənin bir oğlu, bir qızı var.

R.Həsənovun sözlərinə görə, 2018-ci ilin avqust ayında axşam saatlarında evdə oturan zaman anidən 5 yaşlı Aylin özünü pis hiss etməyə başlayıb, bir qədər sonra isə qızcığazın dodaqları göyərib. Ailəsi dərhal onu Zaqatala şəhər xəstəxanasına çatdırıb. Müayinədən sonra həkimlər qızın vəziyyətinin ağır olduğunu bildirərək onu təcili Bakıya aparmağı məsləhət görüblər.

“Avqustun 4-də Aylini Bakıya – Qanköçürmə İnstitutuna gətirdik. Burada ondan qan və ilik analizi götürdükdən sonra qızıma leykoz – qan xərçəngi diaqnozu qoydular. Sanki dünya başımıza yıxıldı, pərişan olduq”.

Ailə olan-qalan nəyi varsa satıb balaca Aylinin müalicəsinə sərf edib. Pulları qurtardıqda isə böyük məbləğdə borca pul götürüb:

“Rusiyada tikinti şirkətində işləyirdim. Orada qazandığım 6 min manatı Aylinin müalicə xərclərini ödəmək üçün sərf etdim. Pulumuz qurtardıqda isə maşınımı, 15 baş inəyimizi, 50 başa yaxın qoyunumuzu satdıq. Yaxın adamlar, dost-tanışlar da bizə dəstək oldular”.

Artıq Aylinin müalicəsini davam etdirmək üçün maddi imkanlarının olmadığını deyən R.Həsənov imkanlı, xeyirxah şəxslərə səslənərək onlardan balasını ağır xəstəlikdən xilas etmək üçün kömək etmələrini xahiş edir:

“Aylin ayda bir dəfə Bakıda, hər həftə isə Zaqatalada kimya terapiyası alır. Saçı tamamilə tökülüb. Bir ildən artıqdır müalicə almasına baxmayaraq səhhətində ciddi irəliləyiş yoxdur, əksinə, vəziyyəti hər gün daha da pisləşir. Başında, onurğa hissəsində də xəstəliklər yaranıb. Çox halsızdır. Suyu belə güclə içir. Qızımızın gözümüzün önündə əzab çəkməsinə artıq dözə bilmirik. Bunu sözlə anlatmaq, izah etmək mümkün deyil.

Müalicəsini davam etdirmək üçün böyük məbləğdə pul lazımdır. Bizim isə artıq buna imkanımız yoxdur. Əlimizdə olan-qalan nə varsa satmışıq, xeyli borca girmişik. Artıq heç bir imkanımız yoxdur. Ümidimiz ancaq cənab Prezidentə, Mehriban xanıma və xeyirxah insanlaradır. Xahiş edirəm balaca Aylinimi xilas edin!”afn.az

Mənbə: teref.az