Sabah AMEA-da tibbi aksiya keçiriləcək

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Avtomobil Səyyar Klinikası sabah Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) tibbi aksiya keçirəcək.

Mərkəzdən Trend-ə verilən məlumata görə, aksiyada Səyyar Klinikanın həkim heyəti AMEA-nın əməkdaşlarına tibbi xidmət göstərəcək. Humanitar aksiyanın məqsədi pasiyentləri müayinə və müalicə etmək və onlar arasında refraksiya anomaliyalarını vaxtında aşkarlamaq, eyni zamanda göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və aradan qaldırmaqdır.

Qeyd edək ki, Milli Oftalmologiya Mərkəzinin Səyyar Klinikasının Azərbaycanın rayon və şəhərlərində həyata keçirdiyi tibbi aksiyalar mütəmadi xarakter daşıyır və bu, Prezident İlham Əliyevin səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin tərkib hissəsi hesab olunur.

Səyyar klinika 2005-ci ildən paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir.

Bununla yanaşı, 2018-ci ildən Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.

Hazırda AMEA-da 10 minə yaxın əməkdaş, o cümlədən 4939 nəfər elmi işçi, 664 elmlər doktoru, 2026 nəfər fəlsəfə doktoru çalışır. Akademiyanın 73 həqiqi üzvü və 114 müxbir üzvü var.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Eyvazov rəisi vəzifəsindən azad etdi

SONRAKI XƏBƏR

Bakıda dövlət əmlaklarını oğurlayan şəxslər tutulub