Yaşlılar üçün statin istifadəsinin faydaları

Yaşlılar üçün statin istifadəsinin faydaları

Statin preparatları gənclərdə və orta yaşlı insanlarda ürək-damar xəstəlikləri (ÜDX) riskini azaldır. Yaşlı insanlar (75 yaş və ya daha yuxarı) üçün isə preparatın üstünlükləri o qədər də bəlli deyil. Ancaq ”European Heart Journal”da dərc edilən son araşdırma göstərir ki, əslində məhz yaşlı əhali arasında statinlərdən istifadə faydalıdır. Yaşlı insanlarda statinlərin istifadəsi ilə bağlı prinsiplər hələlik bəlli deyil.

Xolesterol, xüsusən zərərli xolesterolun - aşağı sıxlıqlı lipoprotein (LDL) yüksək səviyyədə olması arteriyalarda lövhələrin yığılmasına səbəb olur ki, bu da ürək tutması və insult riskinin artmasına səbəb olur. Dərman və ya sağlam həyat tərzi vasitəsilə LDL səviyyəsinin aşağı salınması ürək-damar xəstəliklərini azaldır. LDL-i azaltmaq üçün ən çox istifadə olunan dərmanlar statinlər, o cümlədən atorvastatin (Lipitor) və rozuvastatin (Crestor) və bir çox digərləridir. Statinlər qaraciyərdə artıq xolesterol istehsalının qarşısını alaraq işləyir.

Bununla yanaşı, statinlərin ürək-damar xəstəlikləri (ÜDX) riskini azaltdığını göstərən əksər araşdırmalar yaşlı tədqiqat iştirakçılarını istisna edir. Nəticədə, Avropa və Amerika mütəxəssislərinin tövsiyələrində əvvəllər ÜDX olmayan yaşlı insanlarda statinlərin istifadəsi ilə bağlı dəqiq tövsiyələr mövcud deyil. (Artıq ürək-damar xəstəliyi, o cümlədən angina, ürək tutması, insult, aorta və magistral ayaq arteriyası zədələnməsi ilə periferik arteriya xəstəliyi olan yaşlı insanlar üçün sonrakı fəsadların qarşısını almaqda statinlərin istifadəsini tövsiyə edən açıq tövsiyələr mövcuddur.)

Son araşdırmalar statinlərin yaşlılar üçün əhəmiyyətli faydalarını göstərir

EHJ araşdırmaları daha əvvəl anamnezində ÜDX olmayan 75 yaşdan 79 yaşa qədər 120000-dən çox fransızı iki ildən az olmayan müddətdə statin qəbul etməsindən sonra geniş səhiyyə məlumat bazasını diqqətlə təhlil etdi. Statin qəbul etməyi dayandıran şəxslərin ürək-damar xəstəlikləri (ürək tuması, insult və ya digər arterial problemlər) səbəbi ilə xəstəxanaya yerləşdirilmə ehtimalını aydınlaşdırmaq üçün onları dörd il ərzində izlədilər.

Tədqiqat dövrünün sonunda tədqiqatçılar müəyyən etdilər ki, statin qəbul etməyi davam etdirənlərin təxminən 7.5 faizlik göstəricisi ilə müqayisədə statin qəbul etməyi dayandıran xəstələrin təxminən 10 faizi ürək-damar xəstəlikləri səbəbi ilə xəstəxanaya yerləşdirilmə ehtiyacı duydu. Başqa sözlə, statinlərin qəbulunun dayandırılması riskin təxminən statistik cəhətdən əhəmiyyətli sayılan 25-30 faiz artımı ilə bağlıdır.

Ciddi xəstəliklər və yan təsirlər statin istifadəsinə təsir göstərə bilər.

Bu tədqiqatda xəstələrin və ya onların həkimlərinin statin qəbulunu dayandırmasının ən çox görülən səbəbi vaxtında aşkar edilməmiş xərçəng və ya digər ciddi xəstəliklərin inkişafı olub.

Bir çox xəstələr yan təsirlərinə görə, statinlərə istəksiz yanaşır və ya qəbulunu dayandırır. Ən çox görülən yan təsir əzələ ağrısıdır (bir qayda olaraq biceps və bud kimi böyük əzələ qruplarının ağrısı), bu hal statin qəbul edən insanların təxminən 20% -nə təsir edir və statin istifadəsini dayandırdıqdan sonra vəziyyəti dəyişir. Statinlərin uzun müddət istifadəsi zamanı bir qədər artan diabet riski və çox nadir hallarda qaraciyər problemləri də mövcuddur.

Digər potensial (lakin qeyri-adi) yan təsirlərə qısa müddətli yaddaş itkisi və şüurun qarışması kimi koqnitiv problemlər daxildir, baxmayaraq ki, statinlər insult və Altsheymer xəstəliyi səbəbindən yaranan uzun müddətli demensiya riskini azaldır.

Tədqiqat yaşlılarda statinlərin sonrakı istifadəsinin lehinə bir şkalaya işarə edir

Əksər təcili yardım həkimləri və kardioloqlar mövcud tövsiyələrə uyğun olaraq, statinlər təyin edirlər. Buna baxmayaraq, bu tövsiyələr 75 yaşdan yuxarı olan xəstələrin müalicəsinə gəldikdə qeyri-dəqiq olduğundan, bu risk qrupu üçün preparatların təyin edilməsində fərqlər mövcuddur.

Bu risk qrupuna preparatın təyin edilməsi qərarına bir neçə amil təsir göstərir.

- Məsələn bir çox həkimlər (və xəstələr) əmin deyillər ki, statinlər yaşlı xəstələrə hər hansı bir fayda verir. Çünki bizim biliklərimizin böyük hissəsi orta yaşlı xəstələrlə aparılmış araşdırmalara əsaslanır.

- Bundan əlavə, kompleks xəstəlikləri olan və gənc xəstələrdən daha çox dərmandan istifadə edən yaşlı xəstələrə statin təyin edən həkimlər statinlərin digər dərmanlarla qarşılıqlı təsirindən narahat olur. Qaraciyər və böyrəklər yaşlandıqca həkimlər həmçinin, dərmanların yavaş parçalanması və yan təsirlərinin potensialının artmasından narahat olurlar.

Təəssüf ki, qarşılaşdığımız paradoks xəstələrin yaşlandıqca artan ürək tutması və insult riskinə məruz qalması və bununla birlikdə dərmanın yan təsirlərinə qarşı daha həssas olmasından ibarətdir.

Tibdə edilən hər şeydə olduğu kimi, statinlərin riskini də faydaları ilə müqayisə etmək gərəkdir. Yaşlı xəstələrdə statinlərin faydaları yan təsir riskindən bir qədər yüksəkdir. Bu yeni tədqiqat insult və ürək tutması riskini azaltmaq üçün yaşlı xəstələrdə statinlərin istifadəsini davam etdirməyin lehinə bir balans göstərir. Bununla birlikdə, bu həssas əhali qrupunu (75 yaşdan yuxarı xəstələr) həddən artıq yükləməmək üçün yan təsirləri və qarşılıqlı təsirləri izləmək lazımdır.

Sevinc İbrahimova

Mənbə: www.oxu.az