Apteklərdə tibbi maska ajiotajı – Sakinlər diqqətli olmalıdır

Apteklərdə tibbi maska ajiotajı – Sakinlər diqqətli olmalıdır

Koronavirus epidemasiya ilə əlaqədar olaraq paytaxt sakinlərinə üz tutduqları apteklərdə tibbi maskaların əvvəlkindən baha qiymətə və tək-tək satılması barədə məlumat yayılıb.

KONKRET.az məsələ ilə bağlı Səhiyyə Nazirliyi ilə əlaqə saxlayıb.

Nazirlikdən bildirilib ki, “Apteklər özəl müəssisələrdir. Dərman satışı ilə məşğul olan bu qurumlar Səhiyyə Nazirliyinin tabeçiliyində deyil”.

Bahalaşdırmanın və məhdudlaşdırmanın nə qədər doğru olub-olmadığını aydınlaşdırmaq üçün bir neçə apteklə əlaqə saxladıq.

Aptek satıcılarından birinin verdiyi məlumata əsasən, “Dəyəri 0,10 AZN olan tibbi maskaların qiymətlərində heç bir dəyişiklik yoxdur. Satış sayında da heç bir məhdudiyyət yoxdur. Vətəndaşlar istənilən sayda maska ala bilərlər”.

Yasamal rayonunda yerləşən digər aptek rəhbərinin dediyinə görə isə, onlar tibbi maskaları 0.25 AZN-ə satırlar.

Göründüyü kimi, virus epidemiyası xəbəri paytaxt apteklərində qiymətlərə bu və ya digər şəkildə təsir göstərib. Odur ki, sakinləri bu məsələdə daha diqqətli olmağa çağırırıq.

Gül Qədirli

KONKRET.az

Mənbə: konkret.az