Azərbaycanda ovçuluqla bağlı problemi necə həll emək olar? - MÜZAKİRƏ

Azərbaycanda ovçuluqla bağlı problemi necə həll emək olar?  - MÜZAKİRƏ

Cəmiyyətdə müxtəlif hadisələrə fərqli, təzadlı baxış bucağı hər zaman olub. İki fərqli fikir arasında ortaq məxrəcə gəlmək üçün müzakirələrə ehtiyac var.

Hər zaman müzakirə olunan ovçuluqla da bağlı müxtəlif yanaşmalar və fikirlər var. Ovçuluqda norma, qaydaların gözlənilməsi, bu sahənin necə tənzimlənməli olması və digər məsələlər isə indi daha aktualdır.

Qeyd edək ki, fevralın 27-də Bakıda Ümumdünya Vəhşi Təbiətin Mühafizəsi Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin təşkilatçılığı ilə “Azərbaycanda dayanıqlı ov: risklər və imkanlar” mövzusunda beynəlxalq forumun keçirilməsi nəzərdə tutulur. Ümumiyyətlə, Azərbaycanda bu mövzu nə dərəcədə aktualdır və hansı problemlər var?

WWF-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Elşad Əsgərov Lent.az -a bildirib ki, beynəlxalq mütəxəssislərin, aidiyyəti dövlət qurumlarının və bu sahəyə marağı olan ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil olunacaq forumda ovçuluq sahəsində cəmiyyəti düşündürən mövzular ətrafında fikir mübadiləsi aparılacaq: “Ovçuluqla bağlı fikirlər müxtəlifdir. Bir qisim ovun, ümumiyyətlə, əleyhinədir, digər bir qrup isə ov etməyin onların haqqı olduğunu düşünür. Üçünçü tərəf isə deyir ki, ov qadağan olunsa da, ovçular qeyri-qanunu yollarla ov etməyə davam edəcəklər. Məsələn, “quş qripi” yayılan vaxt ölkədə bir neçə il ov mövsümü açılmadı. Amma buna baxmayaraq, yenə də quşlar ovlanır və satılırdı. Qadağa mümkün olmadığı üçün bu sahənin tənzimlənməsinə böyük ehtiyac yaranır. Ona görə bu üç qrupun birlikdə müzakirəsinə şərait yaratmaq istəyirik. Beynəlxalq ekspertləri də dəvət etmişik. Onların bu prosesi necə tənzimlədiyi bizim üçün maraqlıdır. Avropada bu sahə elə tənzimlənir ki, “Qırmızı kitab”a düşən növlərə addımbaşı rast gəlinir. Azərbaycanda cüyür o qədər azalıb ki, “Qırmızı kitab”a salmışıq. Almaniyada bir ildə qanuni olaraq 1,5 milyon cüyür ovlayırlar. Amma yenə də orada ümumi populyasiya 20-30 miyondur. Yəni prosesi düzgün tənzimləmək populyasiyanın azalmasına yox, artmasına səbəb olur”.

Bakı sakini, ov həvəskarı olan Zaur Məmmədov isə düşünür ki, ovçuluğa mütləq imkan verilməlidir: “Məncə, ovçuluq da istirahətdir və stressi atmaq üçün çox gözəl məşğuliyyətdir. Lisenziyaların sayı artırılsa, insanlar bu gözəl istirahət növündən daha rahat istifadə edər. Dədə-babadan ovçuluq olub. Bir qrupun fikri ilə bu adəti ləğv etmək düzgün deyil. Mən də sayları məhdud olan heyvanların ovlanmasının tərəfdarı deyiləm. Kəklik, turac kimi quşların ovlanmasını istəmirəm. Sayları çox olan köçəri quşlar var. Niyə onların ovlanmasına imkan verilməsin?”

Keçmişdə ovçuluqla məşğul olan Natiq Quliyevin fikrincə, o vaxtkı ovçuluqla indiki arasında fərq var: “Bizim vaxtlarda mağazada ov sursatı limitlə verilirdi. İndi bunlar yığışdırılıb. Hər adam istədiyi qədər güllə ala bilər. Mağazalarda limit olmalıdır”.

Müsahibimiz onu da bildirib ki, son zamanlar hava şəraiti ovçuluq üçün əlverişli deyil: “Bu il demək olar ki, hava şəraiti ov etməyə imkan vermədi. Şimalda şaxtalar olmalıydı ki, quşlar bizə gəlsin. Bu, olmadı. Digər tərəfdən, quşların miqrasiyası azaldığı üçün ova limiti artırmaq yox, azaltmaq lazımdır”.

Onun sözlərinə görə, indi ovçuluq sahəsinə müxtəlif qurumlar nəzarət edir. Ovçuluq təsərrüfatlarının yaradılmasına da toxunan ovçu bunu müsbət qiymətləndirir: “Təsərrüfatlarda istirahət üçün hər cür şərait yaradılıb. Amma quş olmadıqdan sonra orda nə işimiz var?”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Departament direktoru Hikmət Əlizadənin dediyinə görə, nazirlik birbaşa bu sahəni tənzimləyən qurum kimi həmin forumda iştirak edəcək: “Bu məsələdə vahid bir rəyə gəlmək çətindir. Çünki hər insanın öz mövqeyi var. Müəyyən şəxlər ovçuluğun qəti əleyhinədir, bunu qeyri-humanist addım kimi qiymətləndirir. Bir qrup insan isə hüquqlarının bir hissəsi kimi görür. Biz isə tənzimləyici kimi istəyirik ki, bu məsələdə ortaq bir məxrəcə gələk. Mövqeyimiz belədir: məsuliyyətli ovçuluq olmalıdır. Bu sahə ilə məşğul olan insanlar onun məsuliyyətini dərk etməlidirlər”.

H.Əlizadə sahənin kifayət qədər riskli olmasından danışıb: “Ovçuluq həm insan, həm də təbiət üçün təhlükəli olan bir fəaliyyətdir. Ona görə də ovçular bu sahə ilə bağlı normativ qanunvericiliyə ciddi əməl etməlidir. Ovçuluq üçün lisenziyalar bütün dünyada məhdud sayda olur. Xarici ölkələrin üçdə birində lisenziya qiymətləri çox bahadır və sayı da məhduddur. Bizdə lisenziya qiymətləri ucuzdur. Biz bu sahədə ciddi iş aparırıq və yaxın vaxtlarda adekvat bir qiymət müəyyən olunacaq”.

Nazirlik rəsmisi bildirib ki, Azərbaycanda qeyri-rəsmi məlumata görə, 20-25 min ovçu var: “25 min ovçu mövsüm ərzində 3-4 dəfə ova getsə, 100 min lisenziya deməkdir. Hər lisenziya ilə ovçu ən azı 10 quş vuranda bir milyon edir. Azərbaycana artıq iqlim dəyişikliyi ilə bağlı miqrasiya edən quşların sayı da azalır. Heyvanların sayında böyük artım yoxdur. O zaman ölkə ərazisində gəzən, hərəkət edən bütün varlıqları vurmalıyıq ki, bizim ovçular məmnun qalsın? Mövsümdə bir-iki dəfə lisenziya alınması ilə kifayətlənmək lazımdır. “Hər həftə ova getmək istəyirəm, nə üçün mənə lisenziya verilmir?” fikri absurd və qeyri-sağlam yanaşmadır".

Mənbə: lent.az