Koronavirusdan ölənlərin sayı 1900-ə çatır

Koronavirusdan ölənlərin sayı 1900-ə çatır

Çinin səhiyyə rəsmiləri çərşənbə axşamı xəbər verib ki, koronavirusa təsdiqlənmiş yoluxma halları 72 mini ötüb, ölüm halları isə demək olar 1900-ə çatıb.

Ən son bir gün ərzində 98 ölüm, 1886 yoluxma halları qeydə alınıb.

Çinin dövlət televiziyası çərşənbə günü ölənlərdən birinin epidemiyanın mərkəzi olan Uhanda yerləşən Vuçanq Hsopitalının direktoru Lio Jiminqin olduğunu bildirib.

Ümumdünya Səhiyyə Təşkilatının başçısı Tedros Adhanom Ghebreyesus bazar ertəsi bildirib ki, Çindən son günlər əldə olunan məlumatlar yeni yoluxma hallarının azaldığına işarə edir. Lakin o deyib ki, bu trend “çox diqqətli şəkildə təhlil olunmalıdır”.

“Yeni insanlar virus yoluxduğu üçün trendlər dəyişə bilər. Bu azalmanın davam edib-etməyəcəyini demək üçün hələ tezdir. Hələ ki, hər şey mümkündür”, o söyləyib.

Ghebreyesus epidemiyanı “çox ciddi” adlandırıb və “artma potensialının” olduğunu, lakin daha çox Hubey vilayətində yayıldığını deyib.

O həmçinin söyləyib ki, pasientlərin 80 faizindən çoxunda “xəstəlik yüngül formadadır və onlar sağalacaqlar”.

Ümumdünya Səhiyyə Təşkilatı son hesabatında bildirib ki, Çindən kənardə 794 təsdiqlənmiş yoluxma halı var. 542 nəfər Yaponiyada karantin altında olan kruiz gəmisinin sərnişinləridir.

Birləşmiş Ştatlar bazar ertəsi Diamond princess gəmisində olan 300-dən vətəndaşını evakuasiya etdiyini bildirib. Həmin sərnişinləri daşıyan təyyarələrdən biri bazar ertəsi Kaliforniyada yerləşən Travis Hava Bazasına digəri isə bir neçə saat sonra Texasda Lakland Hava Qüvvələri Bazasına enib.

Heç bir simptomu olmayan, amma test nəticələri müsbət çıxan 14 nəfər təyyarədə digər sərnişinlərdən uzaqda ayrılmış xüsusi yerdə oturub. ABŞ-a təxliyyə edilən sərnişinlərin hamısı 14 gün boyunca karantin altında saxlanılacaq.

Avstraliya da bazar ertəsi gəmidəki vətəndaşlarını təxliyyə edəcəyini açıqlayıb. Bundan əlavə Kanada, Cənubi Koreya və Honq Konq da evakuasiya səylərini planlaşdırır.

Çin bu yaxınlarda epidemiya ilə mübarizə səylərinə görə alqışlansa da, Ümumdenya Səhiyyə Təşkilatı Çinin necə diaqnoz qoyduğu ilə bağlı daha çox məlumat tələb edir.

Çinin dövlət mediası şənbə günü prezident Şi Tsinpinin fevralın 3-də etdiyi çıxışı dərc edib. Həmin çıxışda Çin rəsmilərinin koronavirusun ciddiliyi barədə xəstəliyin təhlükələrini ictimailəşdirmədən iki həftə öncə xəbərdar olduğu göstərilib. Rəsmilər virusun insanlardan insanlara yoluxa biləcəyini yanvar ayının sonunda açıqlamışdı.

Şi Tsinpin yanvarın 7-də virusun ən çox yayıldığı şəhərlə giriş-çıxışa qadağa tətbiq olunmasına göstəriş vermişdi. Bu qadağa yanvarın 23-də qüvvəyə mindi.

Mənbə: www.amerikaninsesi.org