Orda bir kənd var, uzaqda... - Ucqarlarda tibbi xidmətə əlçatanlıq hələ də problem olaraq qalır

Orda bir kənd var, uzaqda... - Ucqarlarda tibbi xidmətə əlçatanlıq hələ də problem olaraq qalır

İqtisadçı ekspert Qubad İbadoğlu "Azərbaycan 2020: strateji baxış və əsas prioritetlər” Konsepsiyası haqqında maraqlı açıqlama ilə çıxış edib. Ekspert bildirir ki, ölkə konsepsiyada qarşıya qoyulan məqsədlərə nəinki çatmayıb, əksinə, sənəd qəbul olunan dövrlə indiki göstəricilər arasında geriləmə müşahidə edilir: "7 ildə milli iqtisadiyyat irəli yox, geri gedib.

2012-ci ildəki start vəziyyəti ilə müqayisədə Azərbaycanda adambaşına ÜDM 1649 dollar və ya 1,34 dəfə aşağı düşüb, qeyri-neft sektoru üzrə adambaşına düşən ixrac göstəricisi 2020-ci il üçün hədəflənən göstəricidən 823 dollar və ya 5,65 dəfə az olub. Azərbaycan bu dövrdə neft-qaz satışından 100 milyard dollardan çox gəlir əldə edib”.

Qubad İbadoğlu

Qeyd edək ki, konsepsiyanın başlıca strateji məqsədi mövcud imkan və resursları nəzərə almaqla, Azərbaycanda davamlı iqtisadi artım və yüksək sosial rifah, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların bütün hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin ölkənin ictimai həyatında fəal statusu ilə səciyyələnən inkişaf mərhələsinə nail olmaqdır. Sənəddə qeyd edilir ki, 2020-ci ildə Azərbaycan iqtisadi və siyasi cəhətdən inkişaf etmiş, rəqabətqabiliyyətli ölkə olacaq: "Azərbaycanın ən ucqar kəndlərində belə, vətəndaşların rahat gündəlik həyatı üçün lazım olan bütün kommunikasiyalar (rabitə, internet, bank xidmətləri, kommunal xidmətlər, yollar və sair), səhiyyə və təhsil xidmətləri təmin ediləcəkdir”.

Qaynarinfo saytı olaraq sözügedən 8 ildə görülən işlərə, əldə olunan nəticələrə işıq salmağa çalışacağıq. Hazırda ölkədə ən çox tənqid olunan, böyük çatışmazlıqlar olan sahələrdən biri səhiyyədir. Sənədin "Əhalinin sağlamlığı və səhiyyə sahəsində qarşıda duran başlıca vəzifələr” bölümündə qeyd edilir ki, səhiyyəyə ayrılan vəsaitin ümumi daxili məhsulda payının dinamik şəkildə artırılması və həmin vəsaitin səmərəli və məqsədyönlü istifadəsini təmin edən mexanizmlər yaradılması nəzərdə tutulur. Maraqlıdır ki, 2012-ci ildə səhiyyəyə ayrılan vəsaitlər 650 milyon manat təşkil edib. Bu ilin büdcəsindən isə bu sahəyə 1,4 milyard manat vəsait ayrılması nəzərdə tutulur ki, bu da həmin dövrlə müqayisədə 2 dəfədən də artıq vəsait deməkdir. Sənəddə həmçinin qeyd edilir ki, səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi üçün tibb müəssisələrinin tikintisi, əsaslı təmiri və yenidən qurulması, onların müasir tibbi avadanlıqla təchiz edilməsi həyata keçiriləcək, eyni zamanda səhiyyə islahatları planlı şəkildə davam etdiriləcək. Səhiyyədə islahatlar dedikdə ilk növbədə icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulurdu. Elə konsepsiyada da göstərilir ki, 2020-ci ilədək icbari tibbi sığortaya keçilməsi təmin ediləcək və onun əsasında tibbi yardımın keyfiyyətinə, pasiyentlərin hüquqlarının qorunmasına nəzarət mexanizmlərinin təkmilləşdirilməsinə şərait yaradılacaqdır. Konsepsiyanın əhatə etdiyi müddətin sonuncu ilində - 2020-ci ildən başlanacağı gözlənən icbari tibbi sığortanın hələlik bütün ölkə ərazisini əhatə etməməsini qeyd etmək kifayətdir ki, sənədin bu hissəsinin necə reallaşdırıldığı aydın olsun.

"Dövlət tərəfindən sosial xəstəliklərə (diabet, hemofiliya, talassemiya, onkoloji xəstəliklər, immunoprofilaktika, hemodializ, vərəm, QİÇS və s.) qarşı mübarizə, əhalinin sağlamlaşdırılması üzrə profilaktik tədbirlər, sanitariya maarifi işi, narkomaniya, alkoqolizmə və tütünçəkməyə qarşı mübarizə müxtəlif dövlət proqramları vasitəsilə həyata keçiriləcək” – deyə sənəddə qeyd olunsa da, təkcə vərəmlə bağlı son xəbərlər və onkoloji xəstəliklərin statistikası ciddi düşünməyə əsas verir.

Bir sözlə, konsepsiyanın səhiyyəni əhatə edən hissəsinin fiaskoya uğradığını söyləmək üçün xüsusi bilgilərə ehtiyac yoxdur. Elə bu yarıtmazlığın nəticəsidir ki, kənd yerlərində tibbi xidmətə əlçatanlıq çox aşağı səviyyədədir.

Maraqlıdır, yeni yaradılan TƏBİB bu problemləri həll edə biləcəkmi?

Azər Mehtiyev

İqtisadçı ekspert Azər Mehtiyev Qaynarinfo-ya açıqlamasında bildirdi ki, bütün sahələrdə olduğu kimi, səhiyyədə də statistika bərbaddır: "Məsələn, Azərbaycanda kənd yerlərində ya kiçik ambulatoriyalar olub, ya da kiçik tibb məntəqələri olub, bir ya iki feldşer xidmət göstərib. Bu cür təminat sistemi sovetdən qalmadır. Sovet vaxtı bilirdik ki, bir neçə kəndi birləşdirən ərazi xəstəxanaları olurdu. Sonradan optimallaşma proqramları çərçivəsində bunu da aradan qaldırdılar. Əslinə qalsa, səhiyyənin təşkilində sovet mirasından çox da uzağa gedə bilmədik. Baxmayaraq ki, bütün bu dövr ərzində səhiyyə sektorunun guya optimallaşdırılması proqramları həyata keçirdilər, hansısa layihələr reallaşdırdılar, ancaq faktiki olaraq ortaya çıxan o oldu ki, hansısa rayonlarda həm mərkəzi xəstəxanalar tikdilər, həm rayonun mərkəzində diaqnostika, sağlamlıq mərkəzləri. Yəni eyni funksiyanı təkrarlayan müxtəlif qurumlar çıxdı. Təbii ki, bu gün TƏBİB-ə də, icbari tibbi sığortanın təşkili zamanı da ortaya çıxan problemlərdən biri elə bu olacaq ki, bizdə səhiyyə müəssisələri hansı ərazilərdə həddindən artıq çox cəmlənib, hansı ərazilərdə səhiyyə xidmətlərinə əlçatanlıq səviyyəsi çox aşağıdır. Bu, çox ciddi suallardan biri kimi qarşıda durur. Bu qədər səhiyyə obyektlərinin saxlanması, onların maliyyələşdirilməsi böyük problem kimi ortaya çıxacaq. Digər bir məsələ də sizin qaldırdığınız problemdir: kənd yerlərində, xüsusilə ucqarlarda əhalinin səhiyyə xidmətlərinə əlçatanlığı. Bu sistemin mahiyyətində o durur ki, kənd yerlərində mütləq ailə həkimləri olmalıdır. Ailə həkimi sistemi hansı formada tətbiq olunacaq? Əvvəlki sahə həkimi sistemi olacaq, ya başqa forma? Ümumiyyətlə, bunların maliyyələşdirilməsi necə olacaq? Bir neçə kəndi birləşdirib hesabları açılıb ailə həkimi institutu formalaşdırılacaq, yoxsa yenə də indiki mərkəzləşdirilmiş maliyyələşdirmə sistemi davam edəcək? Bu suallara mən də zaman-zaman cavab axtarıram. Bütün hallarda vacib olan odur ki, bütün əhali, kənd yerləri də ailə həkimi ilə təmin olunmalıdır. İlk növbədə həmin həkimlərə müraciət olunmalı, onların göndərişi ilə digər sahə həkimlərinə müraciət olunmalıdır ki, icbari tibbi sığorta haqqından istifadə edə bilsin vətəndaşlar. Əgər bu sistem olmasa insanlar birbaşa gedib xəstəxanalara müraciət edəndə xidmətləri ödənişlə əldə etməli olacaqlar. Bu baxımdan xüsusən kənd yerlərində tibbi xidmətə əlçatanlıqda ciddi problemlər ortaya çıxa bilər”.

A.Mehtiyevin fikrincə, "2020: Gələcəyə baxış” proqramı əslində qəbul olunandan onun icra üçün olmadığı aydın idi: "Siyasi məqsədlər üçün şüar xarakterli sənəd idi. İcrası ilə bağlı hesabatlar da formal xarakter daşıyır. Bütün hallarda səhiyyə sisteminin özünün inkişafı ilə bağlı ciddi sənədə ehtiyac var. 2007-ci ildə Azərbaycanda sığorta islahatlarına keçidlə bağlı prezident fərman vermişdi. Əslinə qalsa elə o vaxt müəyyən olunmuşdu ki, guya 2012-ci ilə kimi icbari sığortanın tətbiqinə başlanacaq. Amma həmin ildə faktiki olaraq heç nə olmadı, yalnız 2016-cı ildən proses başladı. Bu baxımdan o sənəd haqqında hesabat verəndə baxın, ən yaxşı halda səhiyyə obyektlərinin tikintisindən, təmir olunmasından danışılır. Ancaq bu, infrastrukturdur, mütləq səhiyyə xidmətlərinə əlçatanlığın təmin olunması deyil. Çünki bizdə çox sayda mərkəzi xəstəxanalar, diaqnostika, sağlamlıq mərkəzləri tikilib, bunlar nə dərəcədə insanlara xidmət göstərir, bunların müstəqil monitorinqi aparılmalıdır, qiymətləndirilməlidir. Əgər bu gün əhalinin əksər hissəsi hələ də müalicə üçün İrana, Türkiyəyə, Rusiyaya gedirsə bu özü elə səhiyyə sistemində indiyəcən baş verən proseslərin qiymətləndirilməsi üçün kifayət edir”.

Adil Qeybulla

Həkim Adil Qeybullanın sözlərinə görə, əslində TƏBİB-lə Səhiyyə Nazirliyinin bu şəkildə bölünməsi onların arasında müəyyən problemlərin qalmasına səbəb olur: "Təchizat problemidir, səlahiyyət bölgüsünün hələ tam dəqiqləşdirilməməsi məsələsidir və s. Digər tərəfdən icbari tibbi sığorta ilə bağlı ayrılan vəsaitin düzgün, şəffaf xərclənməsi çox ciddi məsələdir. Düzdür, bu vəsait yetərli deyil, amma onunla da nəsə etmək olar. Amma görünən mənzərə odur ki, hələlik bu işlər xaotik istiqamətdə gedir, nəinki planlı şəkildə. Bu prosesə məsul orqanlar çox ciddi şəkildə iş görməlidirlər. Çünki icbari tibbi sığortanın bütün ölkəni əhatə etməsi, hər bir vətəndaşın sığorta polisinin olması üçün bu iş sistemli şəkildə qurulmalıdır. Bu məsələlər həllini tapmamış biz effektiv sistem qura bilməyəcəyik və nəticədə kənd yerlərində əhali yenə tibbi xidmətə əlçatanlıq sarıdan korluq çəkəcək”.

Qaynarinfo-nun İqtisadiyyat şöbəsi

Mənbə: qaynarinfo.az