Distant təhsil yaxşı fürsətdir: İnsanlar iş yerlərindən ayrılmadan…

Distant təhsil yaxşı fürsətdir: İnsanlar iş yerlərindən ayrılmadan…

…Məsafədən asılı olmayaraq, daha asan, effektiv yollarla təhsil ala biləcəklər

Azərbaycan Dövlət İqtisad Universiteti 2019/2020-ci tədris ilinin yaz semestrində bir neçə fənlərin distant formada tədris olunacağını élan edib. Artıq bu Universitetdə 1-ci kursda əyani təhsil alan tələbələr könüllülük prinsipi əsasında distant formada təhsilə cəlb olunublar. Bu yeniliyi əsas tutaraq “Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz ölkədə distant təhsilin mövcud durumunu şərh edib.

“Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir” deyən O.Gündüz qeyd edir ki, bəzi aparıcı universitetlərimizin artıq qanunvericiliyin, konservativ təhisil sistemimizin nə zaman dəyişəcəyini gözləmək niyyətində olmadığı görünür:

“Doğru da edirlər. Distant təhsilin təşkili üçün UNEC-də (ADİU) modern bir Mərkəz qurulub. Ciddi, nəhəng işlər görülüb. Müəllimlərə təlimlər keçirilib. Xatırlayıram ki, UNEC Distant Mərkəzin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva da iştirak etmişdi. Diqqətlə müşahidə etdikdə görmək olar ki, Universitet bu işlərə böyük pullar yatırıb. Hesablamalar göstərir ki, adicə bir ixtisası distant formaya keçirmək üçün yüz minlərlə investisiya tələb olunur.

Universitet yatırdığı bu investisiyaları necə doğrultmalıdır? Gözləməlidirmi ki, qanunvericilik dəyişilsin, bu təhsil forması üçün lisenziyalar verilsin?

Universitetlər bu formada təhsil alan tələbələr üçün yekunda diplom verə biləcəklərmi?

Nazirlər Kabinetinə, Təhsil Nazirliyinə, DİM-ə müraciət edirəm, distant formada təhsilin təşkilinə hazır olan, bu sahəyə böyük vəsaitlər yatıran universitetlər nə etməlidir, Sizi nə qədər gözləməlidirlər?”.

O.Gündüzün fikrincə, distant təhsil məsələsində Azərbaycan çox gecikir:

- Davosdakı son müzakirələr həm də məhz bu problemlərlə bağlı idi. Dördüncü sənaye inqilabının, rəqəmsal transformasiyanın çağırışları bu tip problemlərin həllini tələb edir. İnsanlar iş yerlərindən ayrılmadan, məsafədən asılı olmayaraq, daha asan, effektiv yollarla təhsil almaq istəyirlər.

Bu məsələnin həlli üçün ilk növbədə Nazirlər Kabineti distant formada təhsilin təşkili Qaydalarını təsdiq etməlidir. Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi distant təhsilin təşkili üçün zəruri olan hüquqi sənədləri qaydaya salmalıdır.

TN distant formada təhsilin təşkilinə hazır olan universitetlərə baxış keçirməli və qabaqcadan bəlli olan şərtlərə cavab verən ali məktəblərə distant təhsil üçün lisenziyalar verməlidir. DİM distant təhsil forması üzrə lisenziyası olan universitetlər üçün bu təhsil forması üzrə də qəbul planını açıqlamalıdır.

Alternativ variant o ola bilər ki, hökumət universitetlərə müstəqillik versin və onlar bu problemi özləri həll etsinlər.

Təhsil eksperti, tarix üzrə fəlsəfə doktoru Kamran Əsədov da distant təhsilin vacibliyini vurğuladı:

- Texnologiyanın inkişafı təhsil sisteminə də öz təsirini göstərməlidir və göstərir. Distant və ya məsafəli təhsil proqramı, təhsil müəssisələrinin, şagirdlərin tək başına təhsili reallaşdırmasına kömək etmək üçün müəyyən bir nizamda hazırladıqları dərs proqramı ilə həyata keçirilən işə verilən addır. Bu sistemdən istifadə etmək istəyən tələbələr faks, poçt və ya e-poçt kimi üsullarla şagirdlərə, ixtisaslı bir müəllim tərəfindən hazırlanan dərslə əlaqədar tapşırıq mövzuları verilir. Daha sonra tapşırıqlar və sınaqlarla bağlı qiymətləndirmələr aparılır.

“Təhsil haqqında” Qanunun 13-cü maddəsinə əsasən Azərbaycanda təhsil almanın 4 forması mövcuddur: əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat). Distant təhsil proqramı tələbə ilə öyrədici qaynaqlar arasında əlaqə quraraq təhsili reallaşdıran bir sistemdir. Məsafəli təhsil proqramlarının hər hansı bir təhsil təşkilatına qeydli olmayan kəslərə də təhsil imkanı təmin edir. Məsafəli təhsil proqramının bir başqa istiqaməti də mövcud qaynaqlardan kifayət qədər faydalanması və inkişaf edən texnologiyanı yaxından təqib etmək məcburiyyətində olmasıdır. Məsafəli təhsil uzaqda olan bir tələbə ilə birbaşa əlaqə qurularaq reallaşdırılan təhsildir. Məsafəli təhsil proqramı təhsil sahəsində ən ön planda yerini alan bir üsul ola biləcəyi kimi digər üsulları möhkəmlədən bir proqram kimi də şərh olunur.

Kamran Əsədov qeyd edib ki, peyk, video, audio qrafik, kompüter, multimedia texnologiyası kimi elektron vasitələrin köməyi ilə, təhsil uzaqdakı şagirdlərə çatdırılır:

- İşinizi boş buraxmadan, olduğunuz yerdən ayrılmadan və ya müəyyən bir gəlir itkisi olmadan müəyyən bir sahədə təhsil almaq istəyənlər üçün uzaqdan təhsil proqramı yaxşı bir fürsətdir. Məsafəli təhsil proqramında həm qazanır, həm də təhsilinizi tamamlayırsınız. Son illərdə telefon xəttinin, fərdi kompüterlərin, video vasitələrinin, CD-ROM və internet üzərindən həyata keçirilən onlayn kursları istifadəsinin yayılmasıyla uzaqdan təhsil interaktiv, dinamik və olduqca canlı bir ölçü qazanıb. Distant təhsildə hər kəs vaxt itirmədən xarici universitetlərdə oxuya bilər. Burada tələbənin sərbəst öyrənmə prinsipi var.

Ekspert qeyd edib ki, təhsil sahəsi elə qurulub ki, tələbə müəllimdən vaxt və ya məsafə ilə ayrılsa da, onlar istədiyi vaxt telekommunikasiya vasitələri ilə əlaqə saxlaya bilirlər:

- Distant təhsildə tapşırıqlar, testlər və əlavə materiallar tələbəyə elektron variantda internet vasitəsilə göndərilir, tələbə də bütün testləri, çalışmaları yerinə yetirərək fərdi qaydada öz biliklərini artırır. Proqramın tələblərindən asılı olaraq siz demək olar həm bütün proqram elektron variantda götürə bilərsiniz və ya bir neçə dərsi. Deyək hər hansı universitetdə oxuyursunuz. Yayda həm istirahət etmək istəyirsiniz, həm də müəyyən əlavə dərslər götürmək istəyirsiniz. O zaman siz istənilən yerə gedib həm ailənizlə birlikdə ola və dərslərini distant sistem vasitəsi ilə həll edə bilərsiniz. Bu da tələbəyə böyük imkanlar və rahatlıq verir.

Kamran Əsədov nəticə olaraq bu təhsil sisteminin tələbələr üçün üstünlüklərini sadaladı:

- Ölkəni tərk etmədən xarici universitetlərdə təhsil almaq imkanı. Təhsilin sürətini tənzimləmədəki sərbəstlik. Həm oxuyub, həm də işləmək imkanı. İşdən sonra, asudə vaxtlarda və evdə oxuma imkanı. Nəqliyyat xərclərinin azalması və ya tamamilə yoxluğu. Təhsil haqqını kreditlə ödəmə fürsəti. Səyahətdə olarkən də təhsil almaq imkanı. Azərbaycanda da distant təhsil sisteminə keçilməsi ilə bağlı addımlar atılır. Hesab edirəm ki, qiyabi təhsil tədricən distant təhsillə əvəz olunacaq.

Hazırda qardaş Türkiyənin ali məktəblərində distant təhsil alan azərbaycanlı tələbələr var və onlar bundan çox məmnundurlar. Bütün dəsrlərimiz onlayn şəkildə aparılır, müəllimlər dərsləri qısa müddətdə videogörüntülü şəkildə başa salır, dərsliklər hamısı PDF şəklindədir. Belə təhsil olduqca asan və əlçatandır.

Düşünürəm ki, belə bir təhsil sistemi Azərbaycanda da tətbiq edilməlidir. Necə ki, bizim vətəndaşlar xarici universitetlərdə onlayn şəkildə təhsil alır, eləcə də xarici ölkə vətəndaşlarına bizim ali təhsil ocaqlarımızda distant təhsil almaq imkanı yaradılmalıdır. Texnologiyaların sürətindən biz də maksimum yararlanmalıyıq.

Mənbə: sherg.az