Dərman firmaları koronavirusla bağlı təşviş yaradırlar - AKTUAL

Dərman firmaları koronavirusla bağlı təşviş yaradırlar - AKTUAL

Lakin insanlar da ehtiyat tədbirlərini əldən verməməlidir

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yeni növ COVID-19 koronavirusunun insandan insana keçməsi üzrə 100-ə yaxın fakt qeydə alıb. ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesus hazırda Çindən kənarda, 12 ölkədə COVID-19 koronavirusunun insandan insana keçməsi üzrə 92 fakt qeydə alındığını deyib.

Xəstəliyin ciddiliyini və ya ölüm səviyyəsini müqayisə etmək üçün Çindən kənarda qeydə alınan hallar üzrə kifayət qədər məlumatımız yoxdur".

Onun sözlərinə görə, ÜST hər bir xəstəlik halının inkişafını daha yaxşı başa düşmək üçün yoluxmaların qeydə alındığı dövlətlərlə birlikdə vəziyyəti izləyir.

Çində yeni tip koronavirus (COVID-19) xəstəliyi ilə mübarizə və qabaqlayıcı tədbirlər üzrə yaradılmış ekspertlər qrupunun rəhbəri, respirator xəstəliklər üzrə tanınmış mütəxəssis Con Nanşan COVID-19-un kanalizasiya sistemi vasitəsilə də yayılmasının mümkün olduğunu deyib.

Akademikin rəhbərlik etdiyi qrup koronavirusa yoluxmuş bir neçə xəstənin nəcis nümunələrində COVID-19 ştampını aşkar ediblər. Bu, koronavirusun həzm orqanları və nəcisdə yaşamağa davam etdiyini, bu yolla yayılma şübhəsini ortaya çıxarıb.

Con Nanşan 2003-cü ildə Şiddətli Kəskin Respirator Sindromu (SARS) epidemiyası zamanı kanalizasiya sisteminin qüsurlu konstruksiyası səbəbindən Honkonqda 300-dən çox adamın xəstəliyə yoluxduğunu xatırladıb.

Fevralın əvvəlində isə yenə Honkonqda çoxmərtəbəli binanın müxtəlif mərtəbələrində yaşayan iki nəfərin virusa yoluxması aşkar edildikdən sonra binadakı bütün sakinlər təxliyə edilib. Hazırda səlahiyyətli qurumlar yaxın təmasda olmamış həmin iki nəfərin necə virusa yoluxduğunu araşdırırlar. Bu məsələdə ekspertlərin kanalizasiya borularının virusu yaymasının mümkünlüyü barədə şübhəsi də nəzərdə saxlanılır.

Bakıda koronavirus şübhəsi ilə xəstəxanaya daha 2 nəfər yerləşdirilib.

Milli.Az xəbər verir ki, Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərindən Trend-ə daxil olan məlumatda bildirilir ki, Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib.

Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya, daha sonra isə Bakıya gəliblər. Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə həkim müşahidəsi üçün Kliniki Tibbi Mərkəzə çatdırılıblar.

Qeyd edək ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir. Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb.

Saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə, hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir.

Sevindik Arazov: “Bacardığımız qədər təmiz havada gəzmək, tez-tez evin havasını dəyişmək, bol maye qəbul etmək və meyvə yemək lazımdır”

"Medical Plaza” Klinikasının terapevt-qastroenteroloqu Sevindik Arazov “Şərq”ə söyləyib ki, Çində oxuyan tələbələr birbaşa Azərbaycana gəlmədiyi üçün koronavirus gətirə bilməzlər. Tələbələr Türkiyə və Rusiyada nəzarətdə saxlanılırlar və tam sağlam olduqları təsdiqlənəndə ölkəyə gəlirlər.

Həkimin sözlərinə görə, koronavirus 20-ci əsrin sonlarından tibbə məlum olub. Bu gün var, sabah da olacaq. Virusun elə bir qorxulu xəstəlik olmadığını deyən S.Arazov hesab edir ki, insanların immunitetinin aşağı olması, sıx yaşam tərzi, şəxsi gigiyena qaydalarına əməl olunmaması bu cür virusların kütləvi hal almasına səbəb olur: "Son on ildə müxtəlif adlarda virusların yayılmasının və xeyli sayda insan tələfatının şahidiyik. Düşünürəm ki, hər il yeni bir adda öldürücü virusun ortaya çıxması heç də təsadüfi deyil. Bütün bunlar məqsədyönlü şəkildə idarə edilən bir kampaniyadır. Yer kürəsi həddindən artıq yüklənib. Təxminən 2-3 milyard insan üçün nəzərdə tutulan Yer kürəsində 7-8 milyard adam yaşayır. Eyni zamanda Çin iqtisadiyyatının bu qədər sürətli inkişaf etməsi ABŞ-ı qorxudur. Hətta Çin dövləti belə bundan narahatdır. 20 il bundan əvvəl bir rus professoru öz məqaləsində qeyd etmişdi ki, dünyada insan sayını azaltmaq üçün müsəlmanlar arasında dini məzhəb davaları, xristianları alkoqolizm, Afrika, Çin xalqlarını isə bu cür viruslar və infeksiyalarla məhv edirlər. Virusla bağlı bu cür təşviş yaradılmasında dərman firmalarının da rolu az deyil".

S. Arazovun sözlərinə görə, koronavirusun Azərbaycanda aşkarlanması ehtimalı azdır, lakin biz də ehtiyat tədbirlərini əldən verməməliyik. Dövlət keçid məntəqələrində aparılan profilaktik tədbirlərlə yanaşı hər kəs öz sağlamlığının qeydinə qalmalıdır:

"Toplum olaraq ümumi və şəxsi gigiyena qaydalarına əməl etməliyik. Mümkün qədər xəstə şəxslərlə ünsiyyətdən çəkinməli, mümkün olmadıqda isə maskadan istifadə etməliyik. Apteklərdə satılan sadə maskalar iki saatdan bir dəyişdirilməlidir. Əks halda, o maskaların özü infeksiya mənbəyinə çevrilir. Kütləvi tədbirlər, konsertlərdə iştirakı tövsiyə etmirəm. Bacardığımız qədər təmiz havada gəzməli, tez-tez evin havasını dəyişmək lazımdır. Bol maye qəbul edib, meyvə yemək lazımdır. Qapımızı açıq qoysaq, əlbəttə, pulumuzu oğurlayacaqlar".

Mənbə: sherg.az