Mağazalarda əşyalarımız oğurlanır: “Kimə şikayət edək?”

Mağazalarda əşyalarımız oğurlanır: “Kimə şikayət edək?”

Paytaxtda fəaliyyət göstərən bəzi mağaza və supermarketlərdə təhlükəsizlik tədbirləri qüsurlu tətbiq edildiyindən bəzən vətəndaşların narazılığına səbəb olur. Supermarketlərə daxil olarkən əl çantalarının mağazanın girişində yerləşən rəflərə qoyulması tələb edilir. Bu, obyektlərdə baş verə biləcək oğurluq hallarının qarşısını almaq üçündür. Lakin bir məqam var.

Sahibkarlar özlərini düşündükləri qədər alıcıları düşünmürlər. Oğurluq hadisələrinin qarşısını almaq üçün istehlakçıların hüquqları pozulur. Çünki bir sıra obyektlərdə rəflərin qapısının bağlanması üçün açarlar yoxdur. Soruşanda isə “açarlar itib, qoyulan əşyalara biz məsuliyyət daşımırıq” cavabı verilir.

Müxtəlif vaxtlarda istər supermarketlərdə, istərsə də geyim mağazalarında naməlum şəraitdə vətəndaşların çantalarının itməsi ilə bağlı sosial şəbəkədə məlumatlar yayılıb. Bu hallarda kimin məsuliyyət daşıması isə tam bəlli deyil.

Məsələ ilə bağlı vətəndaşlar tərəfindən Oxu.Az-a daxil olan müraciətlər əsasında araşdırma apardıq.

İstər supermarketlərdə, istərsə də geyim mağazalarında iri çantaların girişdə saxlanılmasına vətəndaşların bir qismi razı olsa da, bununla razılaşmayanlar da var. Səbəb isə daha əvvəl həmin şəxslərin əşyalarının itməsidir.

Görəsən, tətbiq olunan təhlükəsizlik tədbirləri qanunun tələblərinə cavab verir? Mağaza sahiblərinin istehlakçılardan bunu tələb etmək haqqı var, yoxsa yox? İtən əşyalara cavabdeh kimdir?

Bir neçə mağaza sahibləri ilə söhbət etdik. Onların fikirlərinə görə, bu tələbləri qoymaqlarına səbəb oğurluq hallarının artmasıdır:

"Alıcı mağazaya daxil olarkən iri əl çantasını rəflərə qoymasını ondan xahiş edirik. Eyni zamanda, mağaza daxilində yemək yeyərək gəzməyə də icazə vermirik. Çünki əlləri bulaşıqlı halda mallara toxunurlar. Bundan başqa, alıcılar geyim otağına keçəndə özü ilə əlavə götürdüyü geyimlərdən birini çantasına qoyur.

Əksər mağaza sahibləri bu vəziyyətlə qarşılaşır. Əvvəllər heç vaxt müştərilərin çantasını yoxlamırdıq. Biz də istəyirik ki, başqa ölkələrdəki mağazalar kimi fəaliyyərt göstərək, vətəndaşlara etimad edək. Təəssüf ki, bəzi hallar bizi buna vadar edir”.

Vətəndaşlar isə əşyalarının oğurlanmasından narahatdır. Əl çantası oğurlanan vətəndaşlardan biri bunu özünə qarşı hörmətsizlik kimi qəbul etdiyini deyir:

“Bu sistem yeni qurulanda o qədər etiraz etmədim. Əşyalarımı rəflərə qoyub, qapısını açarla bağlayırdım. Rahat alış-verişimi edib, çıxanda da əşyalarımı götürürdüm. Lakin bir müddət sonra rəflərin açarları yoxa çıxdı.

Əşyaların rəflərə qoyulması tələb olunsa da, itən əşyalara görə məsuliyyət daşımırdılar. Bir dəfə mənim əşyam rəfdən oğurlandı. Kameraların açılmasını tələb etsəm də, etiraz etdilər. Buna vaxtlarının olmadığını dedilər. Ancaq dedilər ki, polisə ərizə yazıb, gözləyim. Nə üçün onların məsuliyyətsiz fəaliyyətindən əziyyət çəkməliyəm?”

İstehlakçıların hüquqları ilə bağlı qanunda boşluqlar varmı? Belə ki, bu gün müştərilərin şəxsi əşyalarının supermarketlərdə və alış-veriş mərkəzlərində yoxlanılması problemə çevrilib.

Qeyd edək ki, bununla bağlı “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasını Nazirlər Kabinetinin Qərarı var.

Qaydaların 23.1. bəndinə əsasən, icraçı istehlakçılar üçün qanunvericiliyə zidd olmayan davranış qaydalarını müəyyən etmək (tütün çəkilməsinin məhdudlaşdırılması, salona daxil olarkən üst geyiminin girişdə qarderoba təhvil verilməsi və s.) hüququna malikdir.

Həmin qaydaların 23.2. bəndində isə ictimai iaşə obyektlərində göstərilən xidmətlərin siyahısının icraçı tərəfindən sərbəst olaraq müəyyən edilməsi qeyd olunub.

Oğurluq hallarının qarşısının alınması üçün təyin edilən daxili qaydalar səbəbindən alıcıların itən (oğurlanan) əşyalarının cavabını kim verməlidir? Məsuliyyəti kim daşımalıdır?

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Oxu.Az-a açıqlamasında bildirib ki, istehlakçıların hüquqlarının müdafiəsi üçün ayrılan müvafiq bəndlərdə boşluqlar var:

“Təəssüf ki, bu gün mağazalarda vətəndaşları potensial “oğru” qismində qiymətləndirərək, onlardan çantalarını girişdə yerləşdirilən rəflərə qoymaqları tələb edilir. Yoxlamaq başqadır, əllərindən almaq başqa. Daha bir maraqlı məqam. Bəzi sahibkarlar mağazalarına (supermarketlərə) üz tutan alıcılara dəyər vermirlər.

Çünki əşyaların qoyulduğu rəflərin bir çoxunu bağlamaq olmur. Öz mallarının oğurlanması üçün önləm aldıqları halda, alıcıların şəxsi əşyaları kimin nəzarətində qalır? Vətəndaşın çantasından hər hansı bir şey itsə, mağaza buna cavabdehlik daşımır. Bu necə qaydadır? Təbii ki, özbaşına təyin edilən “daxili qaydalar”.

Məsələ ilə bağlı AİB-ə çoxsaylı şikayətlər də daxil olub.

Əslində, bu məsələdə vətəndaşların hüququ kobud şəkildə pozulur. Təəssüf ki, qanunvericilikdə bu problemi tənzimləyən maddələrdə boşluqlar var. Nazirlər Kabineti bu problemlərin qarşısının alınması üçün müvafiq qaydada yeni qanunlar hazırlamalıdır. Çünki bu gün mağazaların daxili qaydaları ədalətli tərtib olunmayıb.

Daxili qaydalar müvafiq qanunları məhdudlaşdıra biləcək gücdədir. Sadaladığım səbəblərdən bəzi mağazalarda (supermarketlərdə) bu cür özbaşınalıq hökm sürür. Ən acınacaqlısı isə odur ki, hüququ pozulan istehlakçının narazılığına qulaq asan, problemi həll edən yoxdur”.

Könül Cəfərli

Mənbə: www.oxu.az