Məhəmməd Hadi poeziyası – istiqlalın ədəbi və əbədi məşəli

Məhəmməd Hadi poeziyası – istiqlalın ədəbi və əbədi məşəli

Məhəmməd Hadi XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında mühüm xidmətlər göstərmişdir. Şərq bədii-estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma Vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr etmişdir. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqedən işıqlandıran və eyni zamanda, özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tuturdu. Xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyən Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq onu daim romantik vüsətlə tərənnüm etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli sərəncamından

Azərbaycan Xalq Cümhuriyyəti süquta yetirildikdən sonra milli, müstəqil dövlətin qurucuları amansız təqiblərə, təhdidlərə və təzyiqlərə məruz qalır, hər an həbsə atılmaq, edam və sürgün edilmək təhlükəsi ilə üzləşirdilər. Nəticədə, ölkədən mühacirətə axın başladı. Milli hökumətin liderləri ağır qürbət həyatı yaşamağa məcbur olsalar da, mühacirətdə də Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda bolşevizmə və sovet rejiminə qarşı ideoloji mübarizəni davam etdirirdilər. Şərəfli tarixi mücadilədə onlar istiqlalı, hürriyyəti, milli dəyərləri, Vətənə məhəbbəti və sədaqəti, mərdliyi, mübarizliyi vəsf və təbliğ edən ədəbi irsdən bəhrələnirdilər. Bu xəzinənin yaradıcılarından biri Məhəmməd Hadinin şəxsiyyəti və əsərləri mühacirlərin daim diqqət mərkəzində olmuşdur.

Hələ 1922-ci ildə M.Ə.Rəsulzadənin Türkiyədə nəşr etdirdiyi “Azerbaycan Cumhuriyeti: keyfiyet-i teşekkülü ve şimdiki vaziyeti” (İstanbul, Evḳaf-ı Islamīye Maṭbası, 167.səh. “Milli Azerbaycan neşriyatı” seriyası №1) kitabında dövrün ədəbiyyatından, Osmanlı ədəbiyyatının təsiri ilə yazıb-yaradanlardan bəhs edərkən hürriyyət və Vətən şairi Məhəmməd Hadinin adını ilk növbədə çəkir.

Müəllifin Məhəmməd Hadi haqqında mülahizələri maraqlı olduğu qədər də əsaslı və sərrastdır. O, Məhəmməd Hadini “Füyuzat”ın təsiri ilə güclənən milli istiqlal poeziyasının, XX əsr Azərbaycan romantizminin ən görkəmli nümayəndəsi, hürriyyət şairi kimi səciyyələndirir və yazırdı ki, “bu romantik şairin hürriyyətə olan vurğunluğu onun ən böyük ilham qaynağıdır. O, insanın yaradıcı düşüncəsini boğan görənəklərə candan üsyan edər; o, əqlin hər türlü səfsətə qaydalarından azadəliyini mütləq surətdə tələb edər. Üzüaçıq, çarşabsız müsəlman qadını, onun gözündə, qurtulan bütün Şərqin simvoludur” (Resulzade M.E. Azərbaycan kültür gələnəkləri, Ankara, 1949).

“Şəkilcə də, mutəvacə (məzmunca) də ruslaşdırma” adlı məqaləsində (Azərbaycan Kültür Dərnəyinin orqanı “Azərbaycan” dərgisi, № 5, səh.2-5, 1avqust 1952, Ankara) M.Ə.Rəsulzadə bolşeviklərin mənfur ­milli siyasətlərini pərdələmək məqsədilə ortaya atdıqları “sovet xalqları mədəniyyətinin formaca milli, məzmunca sosialist” şüarını kəskin tənqid edir. Göstərir ki, Sovetlər Birliyində bu şüarın tətbiqinin hansı faciələrlə nəticələndiyini bilirik. Bolşeviklər mövqelərini gücləndirdikcə, ruslaşdırma siyasəti daha qabarıq şəkildə özünü büruzə verməyə başlayırdı. Əgər sovetin ilk illərində “Kitabi-Dədə Qorqud” hekayələri vətənpərvərliyin, xalq qəhrəmanlığının, vəfa və fədakarlığın bir şah əsəri kimi dəyərləndirilirdisə, sonrakı dövrdə dastan “orta əsrlərin quldurluğundan, talanından bəhs edən, İslamın geri fikirlərini yayan irtica əsəri” adlandırılmışdır. Müəllif yazır: “Milliyyət, Vətən, hürriyyət və istiqlal fikirlərini tervic edən dünənki bütün şöhrətlər indi yeni meyar ilə ölçülür: Hürriyyət və istiqlal fikrinin qəhrəmanları, şan və şöhrət taxtlarından endirilir. Şöhrətli şairlərimizdən Hüseyn Cavidin, Əhməd Cavadın uğradığı faciəli aqibət məlumunuzdur. Bunların hörmətlə andığımız adları sovetlərdə indi təzyif (böhtan, təhqir) mövzusudur.”

M.Ə.Rəsulzadə sovetlərin milli siyasətinin məzmun, mahiyyət etibarı ilə çarın siyasətindən fərqlənmədiyini, dünənə kimi “hürriyyət və inqilab şairi” kimi təriflədikləri Məhəmməd Hadinin indi əsərlərində irtica və milli ünsürlər olduğuna görə tənqid atəşinə tutulduğunu qeyd edir və haqlı olaraq bu qənaətə gəlir ki, “sovet patriotizmi” adı altında məhkum millətlərə qarşı yeridilən siyasət təcrübədən keçirilmiş əski rus siyasətindən başqa bir şey deyildir.

Tam əminliklə söyləmək olar ki, Məhəmməd Hadi irsinə mühacirətdə ən çox müraciət edən, ötən əsrin 20-ci illərindən 50-ci illərinədək bu mövzuya dəfələrlə qayıdan Azərbaycanın ictimai-siyasi fikir və istiqlal uğrunda mücadilə tarixində böyük xidmətlər göstərmiş publisist, naşir, redaktor Mirzə Bala Məhəmmədzadə olmuşdur. Azərbaycan ədəbiyyatına obyektiv elmi meyarlarla yanaşmanın bariz nümunəsi hesab etdiyimiz “Azəri türk ədəbiyyatının dünəni və bu günü” adlı məqaləsində (İstanbul, “Yeni Qafqasya” məcmuəsi №25) M.B.Məhəmmədzadə Xalq Cümhuriyyəti dövrünün ədəbiyyatını artıq hər cür sıxıntı, zəncir və məngənədən uzaq, hürr və sərbəst tənəffüs etməklə bərabər, bir istiqlala, milli demokratiyaya, türk milli qurtuluş ruhunu tervic və təsvir edən altun və kəskin bir qələm ilə dilə malik” kimi dəyərləndirir və Hadinin “Elvahi bəşəri”n, “Aşkı muhteşemi”nin bu dövrdə meydana gəldiyini yazır.

M.B.Məhəmmədzadənin məşhur “Azərbaycan misaqi-millisi”adlı irihəcmli məqaləsində (İstanbul, “Yeni Qafqasya” məcmuəsi 18, 19, 20 və 21, 1926) Məhəmməd Hadini tənzimat ədəbiyyatının əsas nümayəndələrindən, Gənc Osmanlılar Cəmiyyətinin yaradıcılarından və rəhbərlərindən biri Namiq Kamala bənzədən müəllif yazır ki, hələ XX əsrin başlanğıcında “aləmi-müsavat” ünvanıyla muhayyel (xəyali) bir ədalət dünyası, məfkurəvi bir hürriyyət və uhuvvet (birlik) aləmi təsəvvür edən şair özünün vətənpərvər şeirlərində məqsəd və qayəmizin istiqlal olduğunu bəyan edirdi. Hadinin milləti maarifləndirmək, elmə, təhsilə və məktəbə yiyələnmək çağırışlarına yüksək dəyər verən müəllif onun aşağıdakı misralarını sitat gətirir:

Hər qovm maariflə bilir kəndi hüququn,

Əlbəttə, hüquq əhli bulur cahü cəlali.

Zənciri-əsarətdə yaşar əhli-cəhalət.

Məhkumların gün kimi bəsbəlli zəvali.

Elm ilə dərağuş olunur şahidi-nüsrət.

Elm ilə zəfərpərvər olub avropali.

Biz də düzülək silsileyi-əhli-ülumə

Öyrənmək ilə elm, hünər, fənn, məali.

Təşkil edəlim “əncüməni- elmü maarif’,

Təsis qılaq “darfünün”, “məktəbi-ali!”

Maraqlı və diqqətçəkəndir ki, M.B.Məhəmmədzadə Hadi yaradıcılığının ideyasını, məğzini, mahiyyətini açmaq, özünəməxsus məziyyətlərini göstərmək üçün onu dövrün sənətkarları Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Abdulla Şaiq və digərləri ilə müqayisə edir, konkret nümunələrlə fikir və mülahizələrini əsaslandırır. Mirzə Ələkbər Sabiri “realist və münekkit” (sayan) M.B.Məhəmmədzadə Hadini “son dərəcədə idealist, bəzən də utopist” adlandırır: Hadi məktəbə gedən bir uşaqdan ilham alaraq sevinir, onun şəninə ümidlərlə dolu şeir həsr edir, Sabirin əsərinin qəhrəmanı isə “dərbədər gəzib ürəyi qan olan dilənçi bir cocuqdur”.

M.B.Məhəmmədzadə qadınların təhsili, milli mövcudiyyət məfkurəsinin yaranmasında, milli və Vətəni şüurun oyanmasında, millətin tərəqqisində qadınların rolunu yüksək dəyərləndirir və elə buna görə də Hadinin öz yaradıcılığında bu mövzuya geniş yer verdiyini xüsusi vurğulayır.

Yaradıcılığının sonrakı dövrlərində də Hadi irsinə müraciət edən M.B. Məhəmmədzadə 15 sentyabr 1918-ci il zəfəri münasibətilə qələmə aldığı “İstiqlal zəfərinin dastanı” adlı məqaləsində (Ankara, “Azərbaycan” dərgisi, №6 (18),1 sentyabr, 1953) istiqlal ədəbiyyatından bəhs edərkən yazır: “15 sentyabr 1918-ci ildə parlaq zəfərlə bitən və Azərbaycanı həqiqi istiqlalına qovuşduran şanlı istiqlal savaşına dair bu günə qədər bir çox şeylər yazılmış və daha bir çox şeylərin də yazılacağı şübhəsizdir. Bir tarixçi gözü ilə araşdırılacaq ilk qaynaqlar arasında ədəbiyyatımızın başqa şöbələri ilə birlikdə, şerin də mühüm bir mövqeyi olacaqdır. Vətən və hürriyyət şairi Məhəmməd Hadi ilə istiqlalın ilk şerini yazan İbrahim Tahirdən bəhs edərkən, bunun şahidi olmuşduq. Fəqət, Məhəmməd Hadi hürriyyəti, İbrahim isə istiqlalı, istiqlala aid dadlı bir “Arzu” olaraq təhəyyül (vəsf etmək) və tərənnüm etmişdilər”.

Çoxcəhətli elmi, səmərəli pedaqoji və coşqun siyasi fəaliyyəti ilə Azərbaycan ədəbiyyatşünaslığı, folklorşünaslığı, türkologiya, mühacirət mətbuatı və istiqlal mücadiləsi tarixində parlaq iz qoymuş professor Əhməd Cəfəroğlu milli romantik cərəyanın parlaq simalarından Məhəmməd Hadi yaradıcılığı haqqında yüksək fikirlər söyləmiş, onun Azərbaycan ədəbiyyatındakı yeri və rolu barədə maraqlı mülahizələr irəli sürmüşdür. O, “Azəri ədəbiyyatında istiqlal mücadiləsi” adlı əsərində (Caferoğlu A. Azeri edebiyatında istiklal mücadelesi. Azerbaycan yurt bilgisi tetkikleri – II, İstanbul, Bürhaəddin mətbəəsi, 1932, 43 səh.) əsərində milli mətbuatın milli ədəbiyyatın, bununla da yeni milli ədəbiyyatın, milli məfkurənin, milli qayənin, yaranmasındakı rolunu sərrast ifadə etmiş, milli romantik cərəyanın təşəkkülünü “Füyuzat” ədəbi məktəbi ilə əlaqələndirərək Ə.Hüseynzadə, A.Səhhət, M.Hadi və H.Cavidi bu cərəyanın yaradıcıları kimi səciyyələndirmişdir. O, yazır: “Həyat” və “Füyuzat” kimi ağırbaşlı vətəni bir ədəbiyyat cığırı açmaqla bu yeni doğacaq olan milli ədəbiyyata yeni qapı açdı. Bu vasitə ilə doğan yeni şeir, haddi-zatında (­həqiqətən) əski klassik şeir şəklini mühafizə edərək, mövzu intibahında milli cəmiyyətin temayülat və ehtiyacını tərənnümə başladı. Muahharən (sonra) tamamilə vətənpərvər mahiyyəti alan bu ədəbiyyat özünəməxsus bir məktəb təsis etdi”. Ə. Cəfəroğlu Hadini “bu məktəbin həvəskarı” adlandırır və onun “Amali-tərəqqi” şeri ilə bu məktəbin “mərkəzi skeleti və qayesi”ni tamamilə izah etdiyini yazır:

Həqiqi arzumuz intizami –hali-millətdir,

Məsaimiz bütün marufi –istiqlali-millətdir

Əsas fikrimiz tə'mini –istiqbali-millətdir

Yürəkdə bəslənən amalımız iqbali-millətdir

Yeganə nöqteyi – mətlub istiqlali-millətdir.

(ardı var)

Abid Tahirli,
filologiya elmləri doktoru

 

Mənbə: xalqqazeti.com