İranda koronavirus halları artır - Qərbi Azərbaycanda məktəblər bağlanıb

İranda koronavirus halları artır - Qərbi Azərbaycanda məktəblər bağlanıb

İranda koronavirus infeksiyası ilə bağlı ölüm halları artmaqdadır. Virusun yayılmasının qarşısını almaq üçün Qərbi Azərbaycan vilayəti daxil olmaqla bir neçə vilayətdə məktəblər bağlanıb.

Vilayətin Təlim və Tərbiyə İdarəsinin aldığı qərara əsasən, Qərbi Azərbaycanın bütün şəhərləri və kəndlərində məktəblər və uşaq bağçaları bazar günü fevral 23-də tətildədir.

Epidemiya İranda daha üç nəfərin ölümünə səbəb olub. Bununla İranda koronavirus infeksiyasından ölənlərin sayı 8-ə çatıb.
Dövlət agentliyi İRNA-nın məlumatına əsasən, “bu qərar şagirdlərin sağlamlığını qorumaq və dezinfeksiya tədbirlərinin həyata keçirilməsi məqsədi ilə alınıb.”

İranın səhiyyə nazirliyi rəsmisi Kiyanuş Cahanpurun bazar günü mətbuata verdiyi açıqlamalara görə, epidemiya daha üç nəfərin ölümünə səbəb olub. Bununla İranda koronavirus infeksiyasından ölənlərin sayı 8-ə çatıb.

Səhiyyə nazirliyinin açıqlamalarına görə, həmçinin, İranda ​virusa 40-dan artıq yoluxma halının olduğu bildirilir.

Ümumdünya Səhiyyə Təşkilatı keçən günlərdə İranda virusa yeni yoluxma halları, habelə bir iranlı səyahətçinin virusu Livana, digərinin isə Kanadaya daşıması ilə bağlı narahatlığını ifadə edib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, İranda əhali koronavirusun yayılmasının qarşısını almaq üçün kifayət qədər tədbir görülmədiyini düşünürlər. həmçinin, bəzi ekspertlər koronavirus halları ilə əlaqədar İran rəsmilərinin açıqlamalarına güvənmədiklərini irəli sürürlər.

Mənbə: www.amerikaninsesi.org