Koronavirus Azərbaycanın telefon bazarını silkələyir... - FOTO

Koronavirus Azərbaycanın telefon bazarını silkələyir... - FOTO

Satıcılar və ekspertlər qiymət artımının davam edəcəyini söyləyirlər...

Çindən dünyaya yayılan koronavirus dəhşəti davam edir. Hazırkı məlumatlara görə Çində koronavirusdan ölənlərin sayı 2 min nəfəri ötüb. Bu virusun yayılması təkcə insan tələfatlarına deyil, eləcə də dünyanın iqtisadi proseslərində təlatümə, ləngiməyə, bahalığa yol açır.

Buna səbəb əksər dünyaca tanınan və böyük istehsal gücünə malik olan şirkətlərin Çinin virus yayılan ərazilərində xeyli sayda müəssisələrinin fəaliyyətlərini dondurmasıdır. Xüsusilə də iri avtomobil və texnologiya şirkətlərinin Çindəki müəssisələri son zamanlar fəaliyyətlərini dayandırıblar ki, bu barədə həm yerli, həm də xarici mətbuatda çoxsaylı məlumatlara rast gəlmək olur.

Bəs, Azərbaycan bazarında hansı məhsullar bahalaşdı?

Çindəki koronavirus səbəbindən Azərbaycanda ilk olaraq telefon və telefon aksessuarları mağazalarında qiymətlərin artdığını müşahidə etdik.

Milli.Az musavat.com-a istinadən bildirir ki, qiymət artımına daha çox kiçik mağazalar gediblər. Hansı ki, həmin mağazalar bir neçə ədəd telefon gətirib, həmin telefonları satdıqdan sonra yenilərini gətirirlər. Yəni anbarlarında çoxsaylı mal yoxdur. Bu mağazalarda telefonların qiyməti digər iri texnologiya mağazaları ilə müqayisədə ucuz olurdu.

Mağazalarda olduğumuz zaman öyrəndik ki, hazırda onlar Çin istehsalı deyil, Hindistan istehsalı olan telefonlar gətirirlər. Bu isə onlar baha başa gəldiyi üçün qiymətlərdə 20-50 manata qədər artım ediblər. Hazırda mağazalarda daha çox bahalaşan Çin telefonu "Xiaomi Redmi Note 8 Pro" modelidir. Bu telefon modeli Çinin yeni məhsuludur və Azərbaycan bazarına qısa müddətdir ki, daxil olub.

Ölkənin tanınan iri texnologiyalar mağazalarında da bu telefonun qiyməti artıb. Belə ki, telefonun 6 gb ram, 64 gb yaddaşı dəstəkləyən versiyası ötən həfdə Azərbaycanda 569 manata satıldığı halda, hazırda 599 manata satılır...

Mağazalarda olduğumuz zaman söhbət etdiyimiz satıcılar bildirdilər ki, yalnız Dubaydan gətirilən məhsulların qiymətində artım olmayacaq. Çindən gətirilən aksessuarlar da daxil olmaqla, telefonların qiymətində yaxın zamanda artım gözlənilir. Eyni zamanda Çində istehsal edilən "İphone" telefonlarının da qiymətində artım olacağı bildirildi. Satıcılar söylədilər ki, əllərindəki malı satdıqdan sonra yenisini hansı qiymətə alacaqlarını, haradan alacaqlarını bilmirlər.

Buna görə də əllərindəki malı baha qiymətə satırlar. Satıcılar onu da bildirdilər ki, qiymətləri qalxan telefonlar əsasən tələbatın çox olduğu modellərdir. Çin istehsalı olub, bazarda tələbatın aşağı olduğu telefonların qiymətində artım müşahidə edilmir. Satıcılar bildirdilər ki, əgər koronavirus geniş arealda yayılarsa, qiymətlərdə artım davam edəcək. Virusun kökü kəsilərsə, şirkətlər öz fəaliyyətlərini bərpa edərsə, qiymətlər əvvəlki vəziyyətinə qayıdacaq...

Məlumat üçün onu da bildirək ki, "Apple"-ın Çindəki tərəfdaşı "Foxconn" istehsalatın ləngiməsiylə üzləşir. "Apple" açıqlayıb ki, epidemiya şirkətin yanvar-mart aylarında əldə etməyi nəzərdə tutduğu 63-67 milyard dollarlıq gəlirə çata bilməyəcək.

Türkiyənin "Yeni Çağ" qəzeti yazıb ki, bütün dünyada iPhone tədarükünün müvəqqəti məhdudlaşdırılacağına işarə edən açıqlamada, tədarük çatışmazlığının şirkətin gəlirlərinə də mənfi təsir göstərəcəyi bildirilib.

Yenidən Azərbaycanın telefon bazarı ilə bağlı vəziyyətə qayıdaraq bildirək ki, ölkəyə telefon gətirilməsi məsələsi uzun müddətdir ki, rəsmi qurumlar tərəfindən diqqət mərkəzinə alınıb. Belə ki, iri elektronika mağazaları şikayət edirlər ki, Azərbaycana müxtəlif yollarla telefon gətirib, ucuz qiymətə bazara çıxaran şirkətlər onların satışına maneə olurlar.

"Elcore" şirkətinin ölkə üzrə meneceri Kamran Əsədov APA-ya bildirib ki, Azərbaycana mobil telefonların qaçaqmal yolu ilə gətirilməsinin qarşısını almaq məqsədi ilə yeni tənzimləmə mexanizmləri hazırlanır.

Onun sözlərinə görə, bu istiqamətdə işlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Dövlət Gömrük Komitəsi ilə birgə aparılır.

"Bu məsələnin həlli ilə bağlı müvafiq təkliflər hazırlanır ki, məhz onların icrası mobil cihazların ölkəyə qeyri-leqal yolla gətirilməsinin qarşısını ala bilər. Əlbəttə, tam olaraq bunun qarşısını almaq mümkün deyil, çünki hər kəs xaricidə olarkən şəxsi istifadə üçün 1 və ya 2 mobil telefon gətirə bilər. Bu məsullar "boz" olsa da, qanuni sayılır", - K.Əsədov qeyd edib.

O, həmçinin əlavə edib ki, mobil telefonların ölkəyə leqal və ya qeyri-leqal yolla gətirilməsini müəyyən etmək üçün bir sıra meyarların olması zəruri sayıla bilər. Mobil telefonların idxalına dair hazırlanan tənzimləmə mexanizmində rəsmi distribusiya sənədinin, satıcı ilə istehsalçı arasında bağlanan müqavilənin və sair sənədlərin olması tələb kimi qeyd olunur.

Musavat.com-a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, Çindən gətirilən mallarda qiymət artımının iki səbəbi var: "Bir səbəbi psixolojidir. Yəni dünya və Azərbaycan mətbuatında yazılır ki, Çindən gətirilən məhsullara müəyyən qadağalar qoyulur. Qadağalar da qoyulduqca anbarlarda olan məhsulların sayı azalır. Nəticədə tələbatla birlikdə qiymət də artır. Çindən gələn məhsullara olan qadağa nə vaxta qədər davam edəcək bu, məlum deyil. Digər ölkələrdən gətirilən məhsulların da maya dəyəri daha yüksək olduğu üçün qiymətlərə təsir edir. Çin dünya iqtisadiyyatında ona görə hegemonluğu ələ aldı ki, istehsal etdiyi məhsulların böyük əksəriyyətinin maya dəyəri və satış qiyməti digər ölkələrlə müqayisədə daha ucuzdur. Bu cür ucuz məhsulların bazarlardan çəkilməsi isə qiymət artımına səbəb olan əsas faktora çevrilib. Daha bir maraqlı məqam da budur ki, koronavirusun nə zaman nəzarət altına alınacağı da məlum deyil. Artıq bu virus digər ölkələrə, o cümlədən qonşu İrana yayılır. Bütün bu amillər dünya ticarətinə, o cümlədən də xaricdən gətirilən məhsulların qiymətlərinin artım dinamikasına təsir göstərir. Hesab edirəm ki, koronavirusla bağlı vəziyyət daha da ağırlaşarsa İrandan da Azərbaycana gətirilən məhsullara qadağa qoyulacaq. Həm elektronika, həm də ərzaq məhsullarının bazardan yavaş-yavaş çəkilməsi və bunun digər daha bahalı istehsalçı ölkələrlə əvəz olunması Azərbaycanda inflyasiyanı sürətləndirəcək əsas faktora çevrilə bilər. Yaxın zamanlarda bu sahədə pozitiv xəbərlər olmasa çox güman ki, Azərbaycanda qiymət artımının daha sürətlə getdiyinin şahidi olacağıq".

Milli.Az

Mənbə: news.milli.az