Qonşuları İranla sərhədləri bağladı - Virusla mübarizəyə hərbçilər də cəlb olunacaq

Qonşuları İranla sərhədləri bağladı - Virusla mübarizəyə hərbçilər də cəlb olunacaq

Koronavirusla bağlı xəbərlər dünya gündəmini zəbt edib. Çindən sonra əsas diqqət İrandakı vəziyyətə yönəlib. İslam Respublikasında təhlükənin artması üzündən qonşuları bu ölkəylə sərhədləri bağlayıb. İran sözün əsl mənasında blokada vəziyyətinə düşüb.

“İran silahlı qüvvələri koronavirusla mübarizəyə cəlb ediləcək. Tehran minimal itkilərlə bunun öhdəsindən gəlməyə çalışacaq”. Belə bəyanatla çıxış edən İran prezidenti Həsən Ruhani bildirib ki, bütün dövlət qurumları, silahlı qüvvələr, ictimai təşkilatlar xalqın sağlamlığı üçün lazımi tədbirləri görəcək. “Biz ən az itki ilə xəstəliyə ən qısa müddətdə nəzarət etmək istəyirik” - deyə Ruhani qeyd edib. Yeri gəlmişkən, İslam Respublikasında xəstəliyin fəsadları barədə ziddiyyətli xəbərlər yayılıb. İran Parlamentinin Qum şəhərindən olan millət vəkili Əhməd Əmirabadi Fərahani bu şəhərdə 50 nəfərin koronavirusdan öldüyünü iddia edib. O, ölüm hallarının sürətlə artmasına görə ölkənin Səhiyyə Nazirliyini günahlandırıb. Deputat iddia edir ki, epidemiya ilə əlaqədar 250 nəfər karantin alındadır. İranın Səhiyyə nazirinin müavini İrəc Hərirçi isə virusdan ölənlərin sayının 12 nəfər, virusa yoluxmaqda şübəli bilinənlərin sayının isə 59-61 nəfər olduğunu bildirib. O qeyd edib ki, Qum şəhərində vəziyyət sabitləşib. Nazir müavini əmin dib ki, bu şəhərdə virusdan ölənlərin ümumi sayı deputattın iddia etdiyi rəqəmin yarısına çatmayacaq. Əks halda, Hərirçi istefa verəcəyini bildirib.

Qeyd edək ki, İrandakı təhlükə ilə əlaqədar, Türkiyə, Ermənistan, Gürcüstan, Əfqanıstan, Pakistan, İraq və Tacikistan bu ölkə ilə sərhədlərini bağlayıb, vətəndaşların və yüklərin hərəkəti dayandırılıb. Rəsmi Düşənbə İran səfiri vasitəsilə Tehrana müraciət edərək, sərhəd bölgəsində yaşayan İran sakinlərinin neytral zonaya keçməməsinin qarşısını almağa çağırıb. Əks halda, tacik sərhədçilər xəbərdarlıq atəşi açacaq. Daha sonra isə sərhəd pozucularının ayaqlarına atəş açıla bilər. Bu arada, koronavirus daha bir neçə ölkəyə yol tapıb. Bəhreyn, Küveyt, İraq və Əfqanıstanda virusa ilk yoluxma halı qeydə alınıb. Avropa ölkələrində də vəziyyət qənaətbəxş deyil. İtaliyada xəstəlikdən ölənlərin sayı 3-ə çatıb. 150 nəfər virusun daşıyıcısıdır. Onlardan 20-si reanimasiyaya yerləşdirilib. Hakim dairələr 10-dan artıq şəhərdə təcili tədbirlər görüb. Sakinlərə həmin şəhərləri tərk etmək qadağan edilib. Futbol matçları, mədəni tədbirlər, moda sərgiləri təxirə salınıb. Məktəb və universitetlərdə dərslərə ara verilib. Xəstəliyin baş qaldırdığı Çinin özündə isə bir sutka ərzində 150 nəfər həyatını itirib. Ümumilikdə, epidemiya Çində 2592 nəfərin ölümünə yol açıb. Bütün dünya üzrə virus daşıyıcıları 79 mini ötüb.

Mənbə: www.atv.az