"Anamın donmuş meyitinin döşünü əmirmişəm" - Xocalıda hər iki valideyinini itirmiş qız

"Anamın donmuş meyitinin döşünü əmirmişəm" - Xocalıda hər iki valideyinini itirmiş qız

Xocalı soyqırımından 28 il ötür... Zaman özündə neçə illəri sığdırsa da, faciəni görmüş insan üçün tarix dəyişmir, gün həmin gün, il də həmin ildir: 26 fevral, 1992-ci il...

Xocalı faciəsində hər iki valideynini itirmiş 25 nəfər var. Çox vaxt bunlara “iyirmibeşlər” də deyirlər. Onlar təkcə valideynini deyil, həm də uşaqlıqlarını itiriblər. İndi yadda qalan təkəm-seyrək acı hadisələrlə xatırlayırlar həmin günü...

Rəsmi məlumata görə, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımında 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 8 ailə tamamilə öldürülüb, 25 uşaq isə hər iki valideynini itirib.

Meyitlərin cibindən çörək çıxarıb yeyən Mübarizdən tutmuş ölmüş anasının döşünü əmən qıza kimi hər biri çiyinlərində ağır yük daşıyırlar. Belə yükü daşımaq isə heç də asan deyil. Gözlərinin qarşısında anası, bacısı güllələnib, atası diri-diri yandırılanlar sadəcə “münaqişənin qurbanları” ola bilməzlər. Bu, itki deyil, soyqırımıdı, genosiddir, trogediyadır.



Hər iki valideyinini itirmiş 25 uşağın ən kiçiyinin artıq 28 yaşı var.

İndi onların hər biri yetkin insanlardır. Həmin “iyirmibeşlər”dən biriylə -Orucova Kübra Telman qızı ilə həmsöhbət olduq. Faciə günü yaş yarım olan Kübra bir yaş belə böyüməyib o gündən, deyir ki, 28 yaşa keçə bilməyib hələ də.

Bir ailənin valideynsiz qalan üç övladı...

Bacısı Orucova Xatirə Telman qızı (1983), qardaşı Anar Orucov (1985). Xocalıdan çıxarkən 4 uşaq olsalar da... sonra bir say əskilib aralarından. Bacılarından biri yolda snayper atəşi ilə həyatını itirib. Əvvəl Sabunçu rayonunda yerləşən “Qızılqum” sanatoriyasında məskunlaşıblar. Sonradan Ramanı qəsəbəsindəki Şuşa köçkünləri üçün salınmış şəhərciyə köçüblər. Hazırda Xocalı soyqırımında hər iki valideynini itirmiş uşaqlardan 16-sı burada yaşayır.

Ölmüş anasının döşünü çıxarıb əmən qız yaş yarımlıq Kübraydı...

“Hər dəfə fevralın 26-sı yaxınlaşanda özümü çox pis hiss edirəm, xatırlamasam da, elə bil, həmin günü yenidən yaşayıram. Atamın meyitlər arasındakı şəklinə baxanda əllərim əsir. Çingiz Mustafayev çəkmişdi o şəkilləri. Bizə çox ağır gəlir o gün. O gün elə acı yaşadıb ki bizə, yarasının qaysağını qopara bilmədim, bilmərəm. Nə bacım Xatirə, nə qardaşım Anar, nə də valideynini itirmiş digər 22 nəfər”.


Onu ölmüş sanıblar...

“Xocalıdan çıxanda ortancıl bacım Xəyalə anamın belində olub. Mənsə anamın qucağında. Anamı güllə ilə vuranda bacım anamın belindən yerə düşüb. Atama tərəf qaçmaq istəyəndə erməni snayperi alnından vurub bacımı. Xatirə böyük bacımdır, mənsə evin ən kiçik qızı.

Əvvəl elə biliblər ki, mən də ölmüşəm. Anama güllə dəyəndə o məni yerə qoyub. İkimiz də donmuşduq, amma mən sağ qalmışam. Öldürülmüş anamın donmuş meyitinin yanında qalmışam və döşünü əmirmişəm. Son anda tibb bacısı nəfəsimin gəldiyini görüb”.

Müsahibimiz torpaqlarımızın azad olunacağına, doğma yurdlarına qayıdacağına inanır:“Həmin vaxt yaş yarım olduğuma görə atamı da yadıma sala bilmirəm. İndi də heç qəbrini ziyarət edə bilmirəm. Çünki o vaxt Ağdamda dəfn eləyiblər. Ağdamın düşmənlərdən təmizlənəcəyi gün atamın məzarını ziyarət edə biləcəm. O günə inanıram və gözləyirəm. Gözləyirik”.



STATİSTİKA: Xocalı soyqırımı nəticəsində bir gecədə 2500 sakindən 613 nəfər qətlə yetirilib.

Uşaqlar - 63 nəfər;
Qadınlar - 106 nəfər;
Qocalar - 70 nəfər

8 ailənin bütün üzvləri öldürülüb;
25 uşaq hər iki valideynini itirib;
130 uşaq valideynlərindən birini itirib.

487 nəfər yaralanıb, onlardan:

Uşaqlar - 76 nəfər;

1275 nəfər əsir götürülüb.
150 nəfər itkin düşüb.

Dövlətin və əhalinin əmlakına 01.04.1992-ci ilə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulub.
 

 

Mənbə: big.az