Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biridir

Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biridir

Fevralın 26-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUDK) və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinin 28-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirində Nazirliyin İnformasiya-Kommunikasiya Texnologiyalarının (İKT) Tətbiqi və Tədrisi Mərkəzinin Bakı, Gəncə, Mingəçevir, Lənkəran şəhərlərindəki, eləcə də Zaqatala, Şamaxı, Qəbələ rayonlarında yerləşən mərkəzləri vasitəsilə 120-yə yaxın orta məktəb şagirdi birbaşa tədbirə qoşulub.

Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva bildirib ki, Azərbaycan tarixinin ən acı səhifələrindən olan Xocalı faciəsindən 28 il ötür. “Xocalı soyqırımı tariximizin və XX əsrin ən faciəli hadisələrindəndir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törədiblər. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulub. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq qətlə yetirilib”,- deyə A.Sofiyeva vurğulayıb.

Sədr müavini vurğulayıb ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu qanlı faciəyə siyasi-hüquqi qiymət verildi. Ulu Öndərin təşəbbüsü ilə Milli Məclis fevralın 26-sı tarixini Xocalı Soyqırımı Günü elan etdi. Həmçinin Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində mühüm işlər görüldü. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz Fondun gərgin fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Məhz Fondun xidmətləri sayəsində dünyanın 15-dən çox ölkəsinin parlamenti və ABŞ-ın 20-dən artıq ştatının qanunverici orqanı tərəfindən Xocalı soyqırımı tanınıb.

Tədbirdə, həmçinin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (İKT) Tətbiqi və Tədrisi Mərkəzinin direktoru Rauf Cabbarov, Ombudsman Aparatının elmi-analitik sektorun baş məsləhətçisi Lamiyə Zeynalova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparıcı məsləhətçisi Aynurə Əliyeva çıxış edərək Xocalı qurbanlarının əziz xatirəsinin daim xalqımız tərəfindən ehtiramla yad olunacağını, işğal altında olan torpaqlarımızın ən qısa müddətdə azad ediləcəyinə əminliklərini ifadə ediblər. Bildirilib ki, Xocalı soyqırımı bəşəriyyətə qarşı yönəlmiş ən ağır soyqırımı cinayətlərindən biridir.

Sonda Azərbaycan məktəbliləri Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri, Xocalı soyqırımına dair məlumatları internet vasitəsilə beynəlxalq təşkilatlara və xaricdə yaşayan dostlarına göndəriblər.

Mənbə: azertag.az