Koronavirus təlaşı: “Qırmızı körpü”dən keçənlər yoxlanılmır?

Koronavirus təlaşı: “Qırmızı körpü”dən keçənlər yoxlanılmır?

Azərbaycanla Gürcüstan arasındakı “Qırmızı Körpü” keçid məntəqəsi fəaliyyətini davam etdirir. Gün ərzində bu sərhəd-keçid məntəqəsində fasilə yaranmayıb.

Buraxılış məntəqəsindən keçənlərin əksəriyyəti qoruyucu maskalardan istifadə edirlər. Elə sərhəd-keçid məntəqəsinin bütün əməkdaşları da qoruyucu maskalar taxır.

Gürcüstandan fərqli olaraq, Azərbaycan tərəfdə vətəndaşlar nədənsə tibbi yoxlamadan keçmirlər. Apardığımız qısa sorğu belə deməyə əsas verir.

Vətəndaşların sözlərinə görə, Gürcüstandan Azərbaycana və ya Azərbaycandan Gürcüstana keçdikləri zaman Azərbaycan gömrüyündə onların tibbi müayinəsi aparılmır.

Gürcüstanda koronovirusun yayılması xəbəri qonşu ölkəyə gedənlərin də sayına təsir edib. Adi günlərdən fərqli olaraq, bu günlərdə Gürcüstana getmək istəyən Azərbaycan vətəndaşlarının sayında kifayət qədər azalma var. Elə keçid məntəqəsində müşahidə olunan seyrəklik də buna bariz nümunədir.

Dünən İrandan gələrək, Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən şəxsdə koronavirus aşkarlanıb. Yoxlama zamanı onun hərarətinin norma daxilində olduğu müəyyənləşdirilib, səhhətində şübhə doğuran əlamətlər qeydə alınmayıb.

Həmin vətəndaş Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postu vasitəsilə ölkəni tərk edib. Gürcüstan kütləvi informasiya vasitələrində yayılan məlumatlardan aydın görünür ki, məhz xüsusi laboratoriyada aparılan müayinə və analizlərdən sonra həmin şəxsin virus daşıyıcısı olduğu müəyyən edilib.

Mənbə: www.oxu.az