MEK milli elektron dərsliklər bazasını təqdim etdi

MEK milli elektron dərsliklər bazasını təqdim etdi

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Azərbaycanın Özbəkistandakı səfirliyi və səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzi ilə əməkdaşlıq çərçivəsində milli dərsliklərin elektron bazasını hazırlayıb.

Bu barədə TED.az-a MEK-dən məlumat verilib.

Bildirilib ki, Özbəkistan səfirliyi ilə MEK arasındakı əməkdaşlıq çərçivəsində müxtəlif vaxtlarda kitab mübadiləsi həyata keçirilib. Belə ki, 2017-ci ildə Özbəkistanın tarixini, mədəniyyətini, müasir dövlət quruculuğunu əks etdirən kitablar MEK-ə hədiyyə olunaraq Akademiklər zalında yerləşən Diplomatik fondda bu ölkə üçün ayrılmış xüsusi guşədə yerləşdirilib.

Kitabxanaya Özbəkistan Respublikasındakı səfirliyin nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyətinə dair kitabların həm özbək, həm də rus dillərində elektron versiyaları hədiyyə edilib.

MEK tərəfindən “Açıq kitabxana” layihə çərçivəsində Azərbaycan incəsənəti, tarixi, ənənələri, dilçiliyi ilə bağlı kitablar, o cümlədən, “Kəlağayı”, “Macarıstan türkologiyası, Georq Hazai və Azərbaycan”, İmra Madaçın “İnsanın faciəsi”, “Azərbaycan-Kolumbiya: İyirmi şeir” kitablarının elektron versiyaları Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin fonduna təqdim olunub.

Mənbə: ted.az