Koronavirus Təbrizə çatdı. 2 nəfərdən götürülən analizlərin nəticələri müsbət çıxıb

Koronavirus Təbrizə çatdı. 2 nəfərdən götürülən analizlərin nəticələri müsbət çıxıb

GünazTV: “Təbrizdə koronavirusla əlaqəli 2 nəfərdən götürdüyümüz analizlərin nəticələri müsbət çıxıb”.

Bu barədə, Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Sumi fevralın 27-də jurnalistlərə açıqlama verib.

O deyib ki, Şərqi Azərbaycan əyalətində koronavirisa yoluxan iki nəfərin səhhəti hazırda qənaətbəşdir: “Koronavirusla bağlı Təbrizdə və Sərabda iki şəxsdən götürdüyümüz analizləri dörd gün əvvəl Tehrana göndərmişdik. Hər iki testin cavabı müsbət çıxıb. Virusa yoluxduğu təsdiq edilən həmin şəxslər artıq karantinə köçürülüb.

Bundan başqa, son iki gündə koronavirusa yoluxmaqda şübhəli bilinən daha 3 nəfərdən götürülən analizlər də Tehrana göndərilib. Lakin testlərin nəticələri barədə hələ ki, Tehrandan konkret bir cavab almamışıq” -deyə, Təbriz Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Sumi jurnalistlərə açıqlamasında bəyan edib.

İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur fevralın 27-də mediaya açıqlamasında ölkədə koronavirusdan ölənlərin sayının 26 nəfərə, virusa yoluxnların isə 245 nəfərə çatdığını bildirib.

 

 

İran rəsmiləri ölkədə 26 nəfərin koronavirusdan öldüyünü bildirsələr də, qeyri-rəsmi mənbələr, o cümlədən də İranın tibb mərkəzlərində fəaliyyət göstərən və adlarının çəkilməsini istəməyən müstəqil mənbələr, koronavirus qurbanlarının sayının qat-qat çox olduğunu və hökumətin ölkədə baş verməkdə olan faciənin dəhşətli miqyasını xalqdan gizlətməyə çalışdığını bildirirlər.

Mənbə: www.gunaz.tv