Koronavirusa görə 53 ölkə Cənubi Koreya ilə gediş-gəlişə məhdudiyyət tətbiq edir

Koronavirusa görə 53 ölkə Cənubi Koreya ilə gediş-gəlişə məhdudiyyət tətbiq edir

Cənubi Koreyada sürətlə yayılan yeni tip koronavirusa (COVID-19) görə bu ölkə ilə gediş-gəlişə məhdudiyyət və qadağalar tətbiq edən dövlətlərin sayı 53-ə çatıb.

AZƏRTAC Cənubi Koreyanın Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, 27 dövlət və ərazi vahidi, o cümlədən Səudiyyə Ərəbistanı, Fələstin, Yamayka koreyalıların və son həftələr ərzində Cənubi Koreyada olmuş əcnəbilərin ölkəyə girişinə qadağa qoyub. Bəzi Avropa ölkələri isə Cənubi Koreya da daxil olmaqla virusun ən çox yayıldığı ölkələrdən gələnlərə qarşı ciddi karantin tədbirləri tətbiq edir. Hətta virusun ortaya çıxdığı və ən çox yayıldığı Çinin 5 vilayəti də Cənubi Koreyadan gələnlərə karantin tətbiq edirlər.

ABŞ, Fransa, Niderland və Avstriya daxil olmaqla 22 ölkə öz vətəndaşlarına Cənubi Koreyaya səyahət edərkən riskləri nəzərə almaq barədə xəbərdarlıq edib.

Qeyd edək ki, son məlumata əsasən, Cənubi Koreyada koronavirusa yoluxanların sayı 2337 nəfərə, ölənlərin sayı 13-ə çatıb. Ötən sutka ərzində Cənubi Koreyada virusa yoluxanların sayı (571 nəfər) Çindəki göstəricidən (327 nəfər) çox olub. Bu, həm də Cənubi Koreyada bir gün ərzində virusa ən çox yoluxma faktıdır.

 

Mənbə: azertag.az