Misir Asuanda yerləşən qədim abidələri turistlərin üzünə açacaq

Misir Asuanda yerləşən qədim abidələri turistlərin üzünə açacaq

Qahirə, 29 fevral, AZƏRTAC

Misirin Qədim Abidələr Nazirliyi Asuan vilayətində yerləşən sərdabələri turistlərin üzünə açacaq.

AZƏRTAC nazirliyin məlumatına istinadla xəbər verir ki, Cəbəl Əbu Həva adlanan məkanda yerləşən bu qədim abidələr 130 metr hündürlüyü olan dağda yerləşir. Dağda olan 10 qədim sərdabədəki 85 məzar və divar rəsmləri qədim Misirin müxtəlif dövrlərinə aiddir. Divar rəsmlərinin bir neçəsi orijinal rəngini qoruyub saxlayıb. Sərdabələrin dağılmış aşağı hissələrində bərpa işləri başa çatmaq üzrədir.

Məlumatda qeyd olunub ki, ən böyük sərdabə fironların Amenhotep sülaləsinə aiddir. Onun divar rəsmləri ilə bəzədilmiş fasadı isə 12 metrdir. Digər sərdabələrin kimlərə aid olduğu məlum deyil.

Nazirlik bu qədim və əsrarəngiz abidələrin turist axınına səbəb olacağını ehtimal edir.

Mənbə: azertag.az