Polis əməkdaşları məktəblilərin maarifləndirilmələri məqsədilə silsilə görüşlər keçirirlər

Polis əməkdaşları məktəblilərin maarifləndirilmələri məqsədilə silsilə görüşlər keçirirlər

Tovuz Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Bayramlı kənd tam orta məktəbində sağlam həyat tərzinin əhəmiyyəti, erkən nikah və onun fəsadları, dini radikalizmə qarşı mübarizə məsələləri barədə görüş keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, rayon polis şöbəsinin rəisi, polis polkovniki Şirzad Əsgərov narkomaniyanın fəsadlarından, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən danışıb. Bildirib ki, narkomaniya ilə mübarizə uzunmüddətli, çoxşaxəli, dinamik bir prosesdir. Problemin ictimai təhlükəliliyi isə ondan ibarətdir ki, bu cinayət həmişə gizli şəraitdə baş verir, nəzarətdən kənarda qalır və durmadan artır. Narkomaniya təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.

Dini radikalizmə qarşı mübarizə tədbirlərindən də söz açan Ş.Əsgərov qeyd edib ki, Azərbaycan həmişə tolerant ölkə kimi tanınıb. Xalqımız həmişə başqa xalqlara və dinlərə hörmətlə yanaşıb. Lakin bəzi ölkələrdə dini radikalizm və ekstremizm elementlərinin güclənməsi narahatlıq doğurur. Ona görə də mövcud ənənələrimizi yaşatmaq, milli birliyimizi möhkəmləndirmək üçün təhsil almaq, elmi biliklərə yiyələnmək, bu və ya digər məsələyə yanaşmada elmə üstünlük verməklə yanaşı, milli-dini dəyərlərə əsaslanmaq vacibdir.

Daha sonra şöbə rəisi erkən nikahların səbəb olduğu ailə faciələrindən bəhs edib. Belə halların aradan qaldırılması üçün valideynlərin də mövzuya həssas yanaşmalarının vacibliyi bildirilib.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə ictimaiyyətin nümayəndələri, eləcə də məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Mənbə: azertag.az