Almaniyada 11 yaşlı qızlar da narkotikdən istifadə edir

Almaniyada 11 yaşlı qızlar da narkotikdən istifadə edir

Berlində narkotik maddələrdən istifadə edən yeniyetmələrin və uşaqların sayında artım hiss olunur. Almaniyanın “Focus” jurnalı bu haqda məlumat verir. Uşaqlar xüsusilə ekstaziyə böyük maraq göstərir.

Bizimyol.info xəbər verir ki, Almaniyada siyasətçilərin bir çoxu bu məsələ ilə bağlı narahatlıq ifadə edib. Berlin şəhər şurasının üzvü Qordon Lemm problemə diqqət çəkməyin vacibliyini “Facebook” profilində bildirib.

Siyasətçinin sözlərinə görə, Berlində hətta 11 yaşlı qızlar da narkotik maddələrdən istifadə edir. Ümumiyyətlə 11-14 yaşlı yeniyetmələr arasında daha çox ekstazi populyardır: “İlk baxışdan bu rəngbərəng həblər zərərsiz təsir bağışlayır. Amma orqanizmə ciddi təsiri ola bilər”.

“Focus” jurnalı yazır ki, ekstazi orqanizmdə xoşbəxtlik hormonlarını artırır. İnsan daha ünsiyyətcil olmağa başlayır, özünü vurulmuş hiss edir, ətrafdakılarla daha rahat təmasa girir. Amma elə ki ekstazinin təsiri azalır, depressiv əhval yaranır, konsentrasiya pozulur.

Ekstazidən istifadə edənlərin böhran dövrü bir neçə gün davam edə bilər. Bu müddətdə istifadəçinin çənə əzələsinin qıcolması, ürəkbulanma, qusma, sidik yolunda problemlər, yaddaş pozulması müşahidə edilir.

“Berlində narkotik maddələrdən istifadə edənlərin çevrəsi genişlənir. İndi paytaxtda narkotiklərin yoxlanılması üçün rəsmi məntəqə yaradılmalıdır. Burada qanunsuz narkotiklərin istifadədən əvvəl təmizliyi və dozası yoxlanacaq. “Kirli” vasitələr sıradan çıxarılacaq. Beləcə, ölüm hallarının sayı azalacaq. Narkomanların adı anonim qalacaq”, – “Focus” belə yazır.

Federal hökumətin məlumatına görə, keçən il Almaniyada narkotik vasitələrdən 1276 nəfər ölüb. Əsas səbəb daha çox opioid zəhərlənməsi göstərilib. Burada heroinin çəkisi xüsusilə böyükdür.

Mənbə: www.bizimyol.info