Azərbaycanda 6 rayonun sakinini aldadan falçı ilə bağlı - Qərar

Azərbaycanda 6 rayonun sakinini aldadan falçı ilə bağlı  - Qərar

Azərbaycanda oğurluq və dələduzluqda ittiham olunan 1971-ci il təvəllüdlü, Gürcüstan vətəndaşı Elena Kalaşnikovanın kasasiya şikayətinə baxılıb.

Olaylar.az xəbər verir ki, Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Elena Kalaşnikovanın kassasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Astara rayon Məhkəməsinin hökmü ilə Elena Kalaşnikova 4 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elena Kalaşnikova apelyasiya şikayəti verib. O, barəsində olan cəzanın yüngülləşdirilməsini xahiş edib.

Elena Kalaşnikovanın şikayəti Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Hakim Elşad Əliyevin sədrliyi ilə baş tutan prosesdə apelyasiya şikayətinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Elena Kalaşnikovanın şikayəti təmin olunmayıb.

Bu qərardan narazı qalan Elena Kalaşnikova kasasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib.
Elena Kalaşnikova 17 aprel 2016-cı il tarixdə Astara şəhəri, Hərbi şəhərcikdə yaşayan Məryəm Nəsirovaya şəxsiyyəti barədə həqiqi məlumatları gizli saxlayaraq özünü "falabaxan İmişli rayon sakini" kimi təqdim edib.

O, evə dəvət edildikdən sonra Məryəm Nəsirovaya qısa zamanda ailə üzvlərinin faciə ilə üzləşəcəyini deyib, həmin faciədən yaxa qurtarmaq üçün evdə olan pul və qızıl-zinət əşyalarını, daha sonra isə evdəki Quran kitabını gətirməsini istəyib.

Elena pul və qızıl-zinət əşyalarını Quranın arasına qoymağı təklif edib. Sonra həmin pul və qızılları ələ keçirmək üçün Məryəm Nəsirovaya çay, gəlininə isə düyü gətirməyi tapşırıb.

Gəlin-qayınana gedən kimi Elena Quran kitabını və arasında olan 150 manat pul, 1400 manat dəyərində qızılları götürərək, evdən qaçıb.

Elena həmin il oktyabrın 25-də saat 11 radələrində Xaçmaz şəhərində yaşayan Gülnar Baxışovaya özünü Toma adı ilə təqdim edib.

Qadını oğlunun yaxın aylarda öləcəyi ehtimalına, onun bədəninə qəbiristanlıqda ruh girdiyinə, ruhu oğlanın bədənindən çıxaracağına, bundan ötrü evdə olan pul, qızıl-zinət əşyalarını ona təqdim edilməli olduğuna inandırıb. Falçı qızılları ovsunladıqdan sonra geri qaytaracağı vədini də verib...

Bu yolla Elena Gülnar Baxışovanın işlədiyi Xaçmaz şəhərində yerləşən "Stella" ayaqqabı dükanında ondan 11500 dolları, habelə 100 manat dəyərində qızıl boyunbağını, 350 manat dəyərində üzəri aypara şəkilli 7 ədəd brilyant t qaşlı nişan üzüyünü, 50 manat dəyərində üzərində "Ramil" adı yazılmış qızıl qolbağı, 1800 manatlıq kitab formalı üzərində brilyant qaşları olan bir cüt sırğa və üzükdən ibarət dəsti ələ keçirib.

Elena 2017-ci ilin avqustunda paytaxtın Əhmədli qəsəbəsində Rima İmanovaya özünü Emma adı ilə təqdim edib.

Elena Rima İmanovaya məxsus pul və qızıl-zinət əşyalarının "ovsunlandığını", həmin əmlakı "şər qüvvələrdən" təmizləyəcəyini, bundan ötrü ona məxsus pul, qızıl-zinət əşyaların ona təqdim edilməli olduğunu, onları "ovsundan təmzilədikdən" sonra geri qaytaracağı barədə yalan vəd verib.

O, Rima İmanovanın işlədiyi Neftçilər metrosunun yaxınlığında yerləşən "Amulet" gözəllik salonuna gəlib. Rimadan 5000 rus rublunu, 100 manat dəyərində bir cüt qızıl sırğanı, ümumilikdə 300 manat dəyəri olan 2 qızıl üzüyü, 50 manatlıq gümüş kulonu, 58 manat dəyərində qızıl kulonu, 300 manatlıq qızıl qolbağı, 500 manat dəyərində qızıl boyunbağını alıb.

Falçı pul və qızıl əşyalarını götürüb aradan çıxıb.

 

2018-ci ilin aprelin 2-də Elena Biləsuvar rayonu, Xırmandalı kəndinə gəlib. O, kənd sakini Səmayə Dadaşovaya özünü Emma adı ilə təqdim edib.

Elena Səmayə Dadaşovaya anasının tezliklə öləcəyini, anasına və onun özünə cadu edildiyini deyib. Daha sonra Səmayə Dadaşovaya məxsus pul və qızıl-zinət əşyalarını guya rus qəbiristanlığına aparıb "cadudan təmizləmək" üçün qaytarmaq şərti ilə ona verilməli olduğunu bildirib.

Elena yalan vəd verməklə Biləsuvar şəhərində yerləşən "Buta" gözəllik salonunda Səmayə Dadaşovadan 2360 manatlıq qızıl-zinət əşyalarını alaraq, aradan çıxıb.

Elena fala baxmaqla, cadu təmizləməklə növbəti dələduzluq əməlini Şirvan şəhərində törədib. O, aprelin 26-dan 28-dək Şirvan şəhərində olub.

Şəhər sakini Ziyafət Kamilovaya özünü Emma adı ilə təqdim edib, onun eşitmə və danışma qabiliyyətində qüsuru olan nəvəsinə "əməl" edildiyini, həmin "əməli" təmizləməklə nəvəsinin sağalmasına nail olacağını bildirib.

Bundan ötrü pul və qızıl-zinət əşyalarının ona təqdim olunmasını, həmin əşyaların "əməldən" təmizlədikdən sonra geri qaytaracağı barədə yalan vəd verib.

Elena aprelin 26-da Şirvan şəhəri 18 saylı məktəbin yaxınlığında yerləşən "Faberlic" mağazasında Ziyafət Kamilovanın 200 manat, aprelin 28-də isə 14 qızıl üzüyünü, 3 qızıl dəstini, 2 qızıl qolbağını, uşaqlar üçün nəzərdə tutulmuş 2 qızıl boyunbağısını, 1 nazik qızıl qolbağını, 1 qızıl klonunu alıb.

Elena bu dələduzluq əməlindən sonra bir ay ərzində heç kimi aldatmayıb, mayın 25-də isə Astaranın Ərçivan kəndinə gəlib. O, kənd sakini Ofelya Quliyevaya özünü Toma kimi təqdim edib.

Elena Ofelya Quliyevaya yaşadığı evində qara qüvvələrin dolaşdığını, həmin qara qüvvələrin ona və ailə üzvlərinə pis təsir edəcəyini bildirib, bunun qarşısını almaqdan ötrü o pul və qızıl-zinət əşyalarını "ovsunladıqdan" sonra geri qaytaracağı barədə vəd verib.

Elena Ofelya Quliyevaya gözlərini bağlamasını və dediyi sözləri təkrar etməsini, gətirdiyi 1299 manat pulu işlədiyi yerdə lazer aparatının üzərinə qoymağı tapşırıb.

Ofelya falçı qadının dediyi kimi edib və gözlərini bağlayıb, onun dediyi sözləri təkrar edib. Həmin müddət ərzində Elena Ofelya Quliyevaya məxsus 1299 manat pulu götürərək aradan çıxıb.

Bundan başqa, Elena mayın 26-da Astara şəhərində yaşayan Qızxanım Şahverdiyevaya özünü Emma kimi təqdim edib, qızlarının bəxtini açacağını və ərə getmələrinə kömək edəcəyini bildirib.

Falçı burda da məlum üsuldan istifadə edib. Qadına pul və qızıl-zinət əşyalarını "ovsunladıqdan" sonra geri qaytaracağı barədə yalan vəd verib. O, Qızxanım Şahverdiyevadan 907 manat pul, 200 manat dəyərində qızıl üzük, 400 manat dəyərində ay-ulduz formalı bir cüt sırğa, 100 manat dəyərində qırmızı rəngli bir cüt uşaq sırğası, 200 manat dəyərində uzun formalı, çəhrayı rəngli bir cüt sırğa və ümumi qiyməti 400 manat olan iki boyunbağı alıb

İstintaq orqanı Elena Kalaşnikova barəsində Cinayət Məcəlləsinin 177.2.2-ci (təkrar oğurluq törətmək), 178.2.2-ci (təkrar dələduzluq törətmək) və 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddələri ilə ittiham elan edib.

Mənbə: olaylar.az