Azərbaycanda bayram günlərində 6 AİLƏ FACİƏSİ yaşandı - RƏSMİ MƏLUMAT

Azərbaycanda bayram günlərində 6 AİLƏ FACİƏSİ yaşandı - RƏSMİ MƏLUMAT

Daxili İşlər Nazirliyi bayram günlərində ölkədə baş verən bəzi yol qəzaları ilə bağlı məlumat yayıb.

Publika.az xəbər verir ki, baş vermiş ağır yol qəzalarından 6-da sürücünün ailə üzvləri həlak olub.

Belə ki, avqustun 13-də saat 17 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini R.Həsənovun idarə etdiyi “VAZ-21099” markalı avtomobili aşıb. Nəticədə R.Həsənovun sərnişinlərindən arvadı Zeynəb hadisə yerində ölmüş, digər 1 sərnişini xəstəxanaya yerləşdirilib.

Dünən 13-də saat 22 radələrində isə Cəlilabad rayonunun Gülməmmədli kəndi ərazisində Bayxanlı kənd sakini Ə.Abdinov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolun hərəkət hissəsində olan 1 rəst atı vurub. Nəticədə Ə.Abdinovun sərnişini - anası Elmira Abdinova hadisə yerində ölüb.daha bir ağır qəza Ağsu rayonu ərazisində qeydə alınıb. Avqustun 13-də saat 16 radələrində Ağsu rayonu ərazisində Göyçay rayon sakini F.Hüseynov idarə etdiyi “Hovo” markalı avtomobili yolun kənarındakı maneəyə vurub. Həmin vaxt F.Hüseynovun sərnişini olan oğlu Süleyman hərəkətdə olan avtomobildən yıxılmış və arxa təkərin altında qaldığından ölüb.

Digər ağır qəza Masallı şəhəri ərazisində qeydə alınıb. Şəhər sakini E.Nuriyevin və Lənkəran rayon sakini N.Əzimlinin idarə edikləri “VAZ” markalı avtomobillər toqquşub. Nəticədə N.Əzimlinin sərnişinlərindən atası Vidadi hadisə yerində ölmüş, 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.

Bundan başqa avqustun 12-də saat 14 radələrində Sabirabad rayonunun Qaratoğay kəndi ərazisində Sumqayıt şəhər sakini Ə.Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili dərəyə aşırıb. Nəticədə Ə.Məmmədovun sərnişinlərindən nəvəsi Əşrəf hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Daha bir oxşar hadisə avqustun 12-də saat 19 radələrində Goranboy rayonunun Rəhimli kəndi ərazisində baş verib. Kəpənəkçi kənd sakini G.Tağıyev idarə etdiyi “VAZ-21015” markalı avtomobili aşırıb.

Nəticədə G.Tağıyevin sərnişini olan atası Hümbət hadisə yerində ölüb.

Mənbə: metbuat.az