Rusiyada qəzada 7 nəfər Azərbaycan vətəndaşı xəsarət alıb

Rusiyada qəzada 7 nəfər Azərbaycan vətəndaşı xəsarət alıb

Rusiyanın Dağıstan Respublikasının Qayakənd rayonu ərazisində yol qəzası baş verib.

Azərbaycanın Rusiyadakı səfirliyindən APA-nın Moskva müxbirinə verilən məlumata görə, səfirliyə məlumat daxil olan kimi, dərhal yerli polis idarəsinin sözügedən nəqliyyat hadisəsini araşdıran müstəntiq, mərkəzi xəstəxananın baş həkimi, yerli diaspor nümayəndələrimiz, həmçinin qəzaya düşən nəqliyyat vasitəsinin sürücüsü ilə əlaqə saxlanılıb.

Əldə olunmuş məlumata əsasən, qəza nəticəsində 2 nəfər Rusiya vətəndaşı həyatını itirib, 7 nəfər Azərbaycan vətəndaşı isə xəsarət alıb.

Onlardan 3 nəfəri ilkin müayinə olunduqdan sonra, 1 nəfər isə qohumlarının zaminliyi ilə evə buraxılıblar.

“Hazırda Qayakənd rayon mərkəzi xəstəxanasında 3 nəfər həmvətənlərimiz var. Onların da vəziyyəti orta ağır olaraq qalır. Bunlar Sevindik Əsgərov (1964-cü il təvəllüdlü), Ağabəy İsayev (1954-cü il təvəllüdlü) və Eldar Həsənəliyev (1990-cı il təvəllüdlü) adlı soydaşlarımızdır. Səfirlik məsələni və həmvətənlərimizin durumunu nəzarətdə saxlayır”, - məlumatda qeyd olunub.

Mənbə: apa.az