“Qadının əl-ayağını iplə bağlayaraq döyüblər” - Goranboydakı hadisənin detalları

“Qadının əl-ayağını iplə bağlayaraq döyüblər” - Goranboydakı hadisənin detalları

Goranboy rayonunda qadının ata bağlanaraq sürünməsi ilə bağlı rəsmi açıqlama verilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, həmin ailələr arasında əvvəldən də düşmənçilik olub: “Bu məsələ ilə bağlı hər iki tərəfin izahatı alınıb. Zərərçəkən, 1984-cü il təvəllüdlü Sahilə Ələkbərova ifadəsində də ata bağlanmadığını qeyd edib. O bildirib ki, səhər saatları atları qonşu Filduz Dəmirovanın həyətinə girib. Bu da onu görərək atı gətirmək üçün ora gedib.

Lakin bu zaman onlar arasında mübahisə yaranıb və dava ilə nəticələnib. Sahilə Ələkbərovanın iddiasına görə, Filduz Dəmirova qızı və oğlu ilə birlikdə onun əl-ayağını iplə bağlayaraq döyüblər. Zərərçəkən sonra bilək və baldırın əzilmiş xəsarətləri ilə xəstəxanaya müraciət edib.

Filduz Dəmirova da Goranboy Rayon Polis Şöbəsinə dəvət olunaraq izahatı alınıb. Araşdırma davam etdirilir. Sahilə Ələkbərovanın ata bağlanaraq sürünməsi və işgəncə verilməsi məlumatı yanlışdır”.

Murad Əhməd

Mənbə: qafqazinfo.az