Ərdəbildə daha bir milli fəal həbs edilib

Ərdəbildə daha bir milli fəal həbs edilib

İran Azərbaycanında siyasi fəalların həbsi davam edir. İranın təhlükəsizlik qüvvələri türk fəal Müctəba Pərvini oktyabrın 13-də Ərdəbildə nəzarət altına alıb.

İranda insan haqları üzrə fəaliyyət göstərən HRA agentliyi bu haqda məlumat yayıb.

​Milli fəal keçən iyun ayında Ərdəbil Cəza Məhkəməsi tərəfindən 3 ay həbs və əlavə olaraq 4 milyon tümən pul cəriməsinə məhkum edilib. Məhkəmə onu “ayağı ilə polis maşınına vurmaq” şəklində “dövlət mülkiyyətinə zərər vermək”də günahlandırıb.

HRA-nın məlumatına istinadən, Müctəba Pərvin İran polisinin şikayəti ilə məhkəməyə verilmişdi.

Milli fəalın daha əvvəl məhkum olduğu 3 aylıq həbs müddətini keçirmək üçün nəzarət altına alındığı ehtimal edilir.

Son vaxtlar Ərdəbil vilayətində milli fəallar üzərində məhkəmə və polis basqılarının qat-qat artdığı bildirilir.

Bu yaxınlarda Ərdəbil Apellyasiya Məhkəməsi ilkin məhkəmədə 8 il həbs və iki il sürgün cəzasına məhkum olunan siyasi fəal Abbas Lisaninin həbs müddətini 15 ilə artırıb.

Mənbə: www.amerikaninsesi.org