Hagibis fırtınası Yaponiyanın bəzi bölgələrini sellər altında qoyub

Hagibis fırtınası Yaponiyanın bəzi bölgələrini sellər altında qoyub

Yaponiyada 30-dan çox insanın ölümünə və Tokionu iflic vəziyyətinə salan fırtınadan sonra bərpa işləri başlanıb. Yaponiyanın mərkəzi və şərq hissəsinə güclü yağışlarla gələn Hagibis fırtınası çayların daşmasına və sellərə səbəb olub. Yarım milyona yaxın ev elektriksiz qalıb. Hökumət daşqınlarla mübarizə və itkin düşmüş insanların axtarışına yadım üçün bölgəyə minlərlə həbçi və xilasetmə işçisi göndərib.

Xilasedicilər insanları güclü yağışların səbəb olduğu daşqınlardan xilas etməyə çalışıb. Yaponiyanın mərkəzi bölgələrindəki bir neçə yaşayış məntəqəsi sellər altında qalıb. Tamaqava çayının daşması səbəbindən Tokionun şərqindəki Setaqaya şəhərinin xəstəxanasına su dolub və 160-dan çox xəstə evakuasiya edilib. “Xəstəxananın birinci mərtəbəsinə dolan sel insan hündürlüyünə qədər idi” deyə, xəstəxana işçisi bildirir.

Hökumət fırtınanın təxminən 425 min evi elektriksiz qoyduğunu bildirib. Bazar günü ölkənin baş naziri Şinzo Abe xalqa müraciət edib. "Polis, yanğınsöndürənlər və Yaponiya Sahil Mühafizəsi ilə yanaşı Özünümüdafiə Qüvvələrinin 27 min üzvü hazırda xilasetmə işlərinə yardım edir. İnfrastrukturdakı ziyanları aradan qaldırmaq, su və enerji təchizatını bərpa etmək, nəqliyyat xidmətlərini bərpa etmək üçün hökumət orqanları ilə işimizi davam etdirəcəyik ” - deyə, o bildirib.

Rəsmilər ən çox zərərin Naqano prefekturasındakı Çikuma çayının daşması səbəbindən Yaponiyanın mərkəzinə dəydiyini bildirib. Bölgəyə dəyən zərərin miqyasını sular çəkilməyənə qədər müəyyən etmək mümkün olmayacaq.

Bazar günü fırtına sakitləşdikdən sonra belə rəsmilər sakinlərə çayların daşa və daha çox ziyan vura biləcəyi riskinin olduğu barədə xəbərdarlıq edib. Bundan əlavə, daşqınların yer sürüşmələrinə səbəb olacağı da gözlənir. "Tufan əsasən Yaponiyanın şərqinə böyük zərər verdi. Bir anda 13 prefekturaya şiddətli yağışlarla bağlı xəbərdarlıq edildi. Record həddə çatan yağışlar çayların daşmasına və bəndlərin dağılmasına səbəb oldu”deyə, Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa bildirir.

Bazar günü Tokionun Narita və Haneda aeroportlarında 800-dən çox uçuş təxirə salınıb. Dəmir yollarda da bəzi xidmətlər dayandırılıb. Dəhşətli Hagibis fırtınası bazar ertəsi keçiriləcək “İdman Günü” də daxil olmaqla, ölkədə üçgünlük həftəsonu fəaloyyətlərini pozub.

Mənbə: www.amerikaninsesi.org