Şərqi Azərbaycana polis yeridildi: fəsadlar… - Video

Şərqi Azərbaycana polis yeridildi: fəsadlar… - Video

Zəlzələ baş verən ilk saatlardan polis qüvvələri bütün məntəqələrə yerləşdirilib.

Axar.az xəbər verir ki, bu sözləri Şərqi Azərbaycan valisi Məhəmməd Məhəmmədpur İran mətbuatına açıqlamasında deyib. O bildirib ki, zəlzələnin fəsadları lazımi qurumlar tərəfindən ortadan qaldırılır:

“Ev və Tikinti Təşkilatı müxtəlif bölgələrdə bərpa işlərinin başlanılması və evi dağılmış sakinlərin müvəqqəti yaşayış yerləri ilə təmin edilməsi ilə bağlı tədbirlər görür. Qızıl Aypara Cəmiyyəti əhalinin ərzaq və səhiyyə təmini ilə məşğuldur. Həmçinin, Kənd Təsərrüfatı Nazirliyi tələf olan heyvanların sanitar qaydalara uyğun məhv edilməsini həyata keçirir. Kommunal Xidmətlər Təşkilatı da öz öhdəsinə düşən işləri icra edir və bu istiqamətdə problemləri aradan qaldırmağa çalışır. Bu gün axşama qədər bütün kommunal xidmətlər bərpa ediləcək. Özəl və dövlət qurumları lazımi texnikaları müxtəlif qurumların istifadəsinə verib. Hazırda ciddi narahatlıq yoxdur”.

Qeyd edək ki, bu gün Şərqi Azərbaycanda 6 bal gücündə zəlzələ baş verib. Zəlzələ nəticəsində rəsmi 6 nəfərin öldüyü, 320 nəfərin yaralandığı bildirilir. Qeyri rəsmi məlumata görə isə 11 nəfər dünyasını dəyişib.

Zəlzələ nəticəsində çoxlu sayda ev dağılıb, təsərrüfatlara ziyan dəyib, həmçinin mal-qara tələf olub.

Zəlzələ əsasən Türkmənçay bölgəsinə, Miyana ərazisinə ziyan vurub. Ən böyük dağıntı Vərnkəş kəndindədir.

Mənbə: axar.az