Ali Məhkəmə Mustafa Hacıbəyliyə qarşı hökmü qüvvədə saxlayıb

Ali Məhkəmə Mustafa Hacıbəyliyə qarşı hökmü qüvvədə saxlayıb

Noyabrın 12-də Ali Məhkəmədə hakim Hafiz Nəsibovun sədrliyi ilə “Basta” saytının baş redaktoru Mustafa Hacıbəylinin kasasiya şikayətinə baxılıb.

Vəkil Osman Kazımlının verdiyi məlumata görə, Mustafa Hacıbəyliyə qarşı çıxarılan hökm qüvvəsində saxlanılıb.

Öz növbəsində Mustafa Hacıbəyli bildirib ki, hökmdən Avropa Məhkəməsinə şikayət edəcəyini bildirib.

2018-ci il iyulun 9-da Baş Prokurorluq Gəncənin icra başçısı Elmar Vəliyevə sui-qəsd və Mingəçevirdə elektrik enerjisinin kəsilməsi nəticəsində bütün ölkənin işıqsız qalması barədə İnternetdə yayılan "yalan məlumatlar" və "qanunsuz çağırışlar"la bağlı cinayət işi qaldırıb. Bundan sonra prokurorluq "bastainfo.com", "criminalaz.com", "topxeber.az" və "fia.az" saytlarının bağlanması barədə Rabitə Nazirliyinə müraciət edib.

Öncə Mustafa Hacıbəyli şahid kimi keçib. Lakin noyabrın 30-da o, müttəhim statusuna keçirilib. Ona qarşı CM-in 281.2 (dövlət əleyhinə yönələn çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Redaktorun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, bütün ittihamları rədd edib.

ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Harlem Dezir, "Sərhədsiz reportyorlar" təşkilatı və digər beynəlxaq qurumlar jurnalistin barəsində hökmü pisləyiblər.

Mənbə: www.amerikaninsesi.org