Venesiya son 50 ilin ən güclü daşqınına məruz qalıb – şəkillər

Venesiya son 50 ilin ən güclü daşqınına məruz qalıb – şəkillər

İtaliya sahillərində son 50 ilin ən böyük dəniz qabarması nəticəsində Venesiya şəhərinin bəzi hissələrini su basıb.

Dəniz qabarmalarını izləyən monitorinq mərkəzinə əsasən, dəniz suyunun səviyyəsi 1,87 m. çatıb. Qeydlərin aparıldığı 1923-cü ildən bəri, su bundan yuxarı həddə - 1,94 m. yalnız 1966-cı ildə qalxmışdı.

Populyar turist yerlərinin tamamilə su altında qaldığını və fırtınaya məruz qalan şəhər küçələrində dolaşan insanları görmək olar.

Fotonun müəllifi AFP

Şəhərin ən aşağı hissələrindən biri - Müqəddəs Mark meydanı daşqınların ən ağır zərbəsinə məruz qalan yerlərdəndir.

Məlumata görə, Müqəddəs Mark kafedral kilsəsini son 1200 ildə altıncı dəfədir ki, su basır.

Bu daşqınlardan 4-ü son 20 ildə baş verib, kilsə məclisinin üzvü Pierpaolo Campostrini bildirir.

Fotonun müəllifi AFP

İtaliyanın şimal-şərq sahilində yerləşən Venesiya şəhərinin ərazisi körfəz daxilindəki 100-dən çox adanı əhatə edir.

Venesiya körfəzini Adriatik dənizindən ayıran ensiz ərazi zolağı olan Pellestrina adasında iki nəfər həyatını itirib.

Onlardan birini, evində nasosu işə salmağa çalışarkən elektrik cərəyanı vurub və daha bir nəfər ölü halda tapılıb.

Şəhərin meri Luigi Brugnaro, fəlakət vəziyyəti elan edəcəyini deyib.

O, daşqının "daimi iz buraxacağını" qeyd edib: "Vəziyyət acınacaqlıdır. Hökumətdən yardım istəmişik. Qiyməti yüksək olacaq. Bu, iqlim dəyişikliyinin nəticəsidir".

Su altında qalan şəhərin müxtəlif yerlərində gəzinən insanları görmək olar.

Fotonun müəllifi EPA

Daşqınlar bir sıra müəssisələrin işini pozub. Kafe və restoran ətrafında su üzərində qalan masa və stullar nəzərə çarpır.

Mağazaların işçiləri daha çox zərərin qarşısını almaq üçün malları sudan uzaq yerlərə daşımağa çalışırlar.

Fotonun müəllifi Reuters

Venesiyada üç avtobusu su batıb, buna rəğmən turistlər, imkan dairəsində, daha çox yerlərə baş çəkməyə çalışırlar.

AFP xəbər agentliyinə danışan fransalı cütlük, daşqına meylli ərazidə taxta platformalardan birinin batması ardınca "az qala üzmək" məcburiyyətində qaldığını deyib.

Fotonun müəllifi Reuters

Çərşənbə günü səhər saatlarında bir sıra qayıqların hərəkətsiz qaldığını görmək olardı.

Fotonun müəllifi AFP

Şəhəri daşqınlardan müdafiə edəcək layihə üzərində işlər 2003-cü ildə başlayıb. Lakin onun ətrafında qalmaqallar səngimir.

İşlər ləngimələr və büdcə xərclərinin artması ilə müşayiət olunur.

Layihə qabarma sularının səviyyəsini tənzimləmək üçün bir sıra şlyuzların qurulmasını nəzərdə tutur.

İtaliyada leysan yağışlar çərşənbə axşamı günü başlayıb.

Qarşıdan gələn günlərdə çətin hava şəraitinin davam edəcəyi proqnoz edilir.

Görüntülər müəlliflik hüququ ilə qorunur.

Mənbə: www.bbc.com